17.04.2025, 07:03
AZ EN
04.05.2023, 10:09 233

“Birgə istehsalın genişlənməsi rəsmi Bakı üçün hər zaman aktual olub”

YAZILAR
  • Məlum olduğu kimi, ötən ay Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti Azərbaycanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair razılığa gəlib. Saziş “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov tərəfindən imzalanıb. Prezident İlham Əliyev isə TEKNOFEST sərgisində çıxışı zamanı Azərbaycanda “Bayraktar” Mərkəzinin qurulacağını bəyan edib.

Xatırladaq ki, martın 4-də "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıya səfəri zamanı "Baykar Teknoloji Azerbaycan" adlı şirkət barədə Prezident İlham Əliyevə məlumat verib. Türkiyə mətbuatı yazıb ki, "Baykar Teknoloji Azerbaycan" şirkəti süni intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrik səviyyəsində texniki xidmət, pilotluq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində işləyəcək.

Azərbaycan Ordusunun arsenalında "Bayraktar TB2" zərbə tipli PUA-lar mövcuddur. 12 metr qanad açılımı olan PUA 4 mini ağıllı raketlər daşıyır və hədəfləri üzərində 1 sutkaya yaxın müşahidə apara bilir. Hədəflər müəyyən edildikdən sonra silah dəqiq zərbə ilə düşməni məhv edir. "Bayraktar"a quraşdırılan raketlər ROKETSAN şirkəti tərəfindən istehsal edilir. Bu raketlər lazerlə dəqiq zərbə endirməyə imkan verir. MAM adlanan sursatlar həm zirehli texnika, həm də piyadaların məhv edilməsi üçün nəzərdə tutulub. PUA Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun yüzlərlə tank, hava hücumundan müdafiə sistemləri və müxtəlif təyinaytlı hərbi maşınlarını sıradan çıxarıb.

Bu gün isə PUA-ların Bakıda istehsalı planlaşdırılır.

Hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında mövzu ilə bağlı fikir səsləndirərkən qeyd edib ki, birgə istehsalın genişlənməsi rəsmi Bakı üçün hər zaman aktual olub:  "Son 9 ildə Türkiyə PUA-ları bir çox döyüş əməliyyatlarında kütləvi şəkildə tətbiq olunub: "Türkiyənin PUA bazarına daxil olana qədər bu monopoliya ABŞ və İsrail şirkətlərinə aid idi. İndi isə qardaş ölkə PUA üzrə vacib aktorlardan birinə çevrilib. Azərbaycanla Türkiyənin münasibətlərini nəzərə alsaq, birgə istehsalın genişləndirilməsinin rəsmi Bakı üçün çox böyük əhəmiyyət daşıdığını söyləyə bilərik. Ötən ilin sonunda "Baykar Teknoloji"nin "Azərbaycan MMC"nin rəsmi qeydiyyata alınmasının şahidi olmuşduq".

Hərbi ekspertin sözlərinə görə, birgə istehsal mərkəzinin yaradılması Azərbaycan-Türkiyə qardaşlığını digər sferalarda olduğu kimi hərbi texnologiya sahəsində də yüksək səviyyəyə qaldıracaq: "İstehsal mərkəzinin yaradılması Azərbaycan-Türkiyə qardaşlığını yüksək texnologiyanın birgə inkişafı vasitəsi ilə möhkəmləndirmək məqsədi daşıyır. "Baykar Teknoloji Azərbaycan" şirkəti ölkəmizdə bu mərkəzi yaratmaqla süni intellektə malik robot və pilotsuz sistemlərin tədqiqi, inkişafı, onların sistem platformalarının yaradılması, fabrik şəraitində texnik xidmətinin göstərilməsi və s. kimi öz töhfəsini verəcək. Həmçinin, pilotsuz sistemlərin idarə edilməsi və pilotların hazırlanması, texniki və servis xidməti hazırlığı, birbaşa əməliyyat zonasında texniki dəstək imkanları, logistikanın koordinasiyası kimi bir çox sahələrdə şirkət fəaliyyət göstərəcək". 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər