20.01.2025, 22:36
AZ EN
01.01.1970, 04:00

İbrət günü

Şərif AĞAYAR

  • Bu günlərdə azərbaycanlı müəlliflərdən birinin yeni filminə baxdım. Qapalı linkdə izlədiyim ekran əsrinin premyerası keçirilmədiyi üçün adını çəkmək istəmirəm, həm də yazımız film haqqında deyil, oradakı bir detal haqqındadır.

Birinci Qarabağ savaşında ayaqlarını itirmiş qazi radioda 44 günlük Zəfər müharibəsi haqqında xəbəri dinləyir. Şuşanın azad olması və düşmənin məğlubiyyətini təsdiq edən sənəd imzalanması onu coşdurur, sevinc qışqırıqları atır. Tamaşaçıya elə gəlir ki, film bu səhnələrlə bitəcək, əslində isə yeni başlayır.

Adam döyüş dostlarının basdırıldığı Şəhidlər Xiyabanına gedir, onları bir-bir təbrik edir, qələbə sevincini torpaq uğrunda canından keçən səngər yoldaşları ilə bölüşür, sonra uşaq qəbrinə bənzər bir yerə yaxınlaşır, əlil arabasından çətinliklə enərək əlləri ilə torpağı qazır, üzünü məzara söykəyir, sonra ayaqlarının üzülən yerini torpağa basdırıb arxası üstə uzanır, tamaşaçı yalnız bundan sonra bu məzarda qazinin ayaqlarının basdırıldığını anlayır.

O, şəhid olmuş ayaqlarını da qələbə münasibəti ilə təbrik edir!

Lakin iş bununla da bitmir, ayaqlarının yanında – tuşunda dayanaraq bədənini də vətən torpağı kimi bütövləşdirməyə çalışır.

Yadımdadır, tanınmış publisist Zamin Hacı vaxtı ilə “20 faiz” adlı bir yazı yazmışdı. Yazının məğzi bundan ibarət idi ki, nə qədər torpaqlarımız işğal altındadır, bütün sahələrdə beşdə birimiz çatmır. Hətta elmi-yaradıcı və əxlaqi-mənəvi dəyərlərdə də! Yazının sonunda maraqlı bir cümlə də vardı: bu yazımın özü də 20 faiz yarımçıqdır...

Misal gətirdiyim film yazarın məntiqinin üstünə daha real, gözlə görünən, əllə tutulan ciddi bir düşüncə əlavə edir: biz döyüşdüyümüz, ya bütün bədənimizi, ya bədənimizdən bir parçanı qurban verdiyimiz halda, yenə də məğlub idik və nə qədər məğlub idik, bu itki ilə barışırdıq, indi qalibik, bədənimizi sağ və bütöv görmək istəyirik.

Vətəndaş öz qalib ölkəsinə yaraşmaq istəyir, özünü ona oxşadır və deməli, ərazi bütövlüyümüzün təminatı təkcə torpaqlarımızın fiziki bütövlüyü, ərazi suverenliyi deyil, daha ciddi, daha dərin, daha böyük məsələdir.

Əlbəttə, bunun içərisinə xalqın birliyi də daxildir.

Bir xalq, cəmiyyət olaraq 20 faizimiz çatışmasaydı, belə qısa vaxtda ərazi bütövlüyümüzü təmin edə bilməzdik.

Azərbaycan xalqı son yüz ildə üç dəfə sözün həqiqi mənasında yumruq kimi birləşib:

 

1. Milli azadlıq hərəkatında;

2. 20 Yanvar şəhidlərinin dəfnində;

3. 44 günlük Zəfər müharibəsində.

 

Tarixə qızıl hərflərlə yazılan hər üç hadisə yaşlı və orta nəslin gözləri qarşısında baş verdi. Biz sözün gerçək mənasında Azərbaycanı-Azərbaycançılığı gördük. O Azərbaycanı, o Azərbaycançılığı ki, hamıdan və hər şeydən əvvəl Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesində rastımıza çıxmışdı.

Yadınızdadırsa, yaşlı bir ana müxtəlif siyasi-ideoloji istiqamətlərdə təhsil alan və əcnəbi dildə danışan üç oğluna sinəsinə basdığı kitabı göstərib deyir: “Bəs bunu kim oxuyacaq?”

Ana obrazının sinəsinə basdığı Azərbaycanın tale kitabı, Azərbaycançılığın özüdür.

Nə yaxşı siyasi müstəvidə də bu məfkurə intişar tapdı: Rəsulzadə də “Azərbaycan” dedi, Heydər Əliyev də. Bunun nəticəsi idi ki, tariximizin yuxarıda misal çəkdiyim ən həssas məqamlarında heç kim “mən talışam, mən ləzgiyım, mən bakılıyam, mən şəkiliyəm” demədi,

Azərbaycandan uzaqda yaşayan soydaşlarımız da yaxasını kənara çəkmədi, Azərbaycan-Azərbaycançılıq bir ürək kimi dünyanın hər nöqtəsində döyündü.

Bilmirəm fərqinə vardınız, yoxsa yox, 44 günlük müharibə zamanı ölkə rəhbəri xalqa müraciətlə yığılın-gəlin desəydi, yaşlı qadınlar da əsasına söykənə-söykənə Qarabağa gedəcəkdi. Bu eyforiya deyildi. Eyforiya ilə qələbə qazanıla bilməz. Bu Azərbaycan-Azərbaycançılıq ideyasının iliyə-qana qədər dərk və hiss olunması idi və biz hansı mətləb arxasında bu cür möhkəm birləşsək, əmin olun, onu 44 günün içində həll edərik.

Ağır döyüşlər getdiyi vaxt mənim də yolum Qarabağa düşdü. Atəş səslərindən qulaq tutulurdu. Hətta getdiyim kəndin yaxınlığına kapsullu raket də düşmüş, partlayaraq nəhəng bir quyu əmələ gətirmişdi. Deyilənə görə, strateji əhəmiyyətli yerlərdən birinə atılan bu raketi bizimkilər vurub salmışdılar. Kəndin cavanları gedib hələ də hərarəti çəkilməyən qəlpələri əllərinə alır, baxırdılar. İnstinktiv ölüm duyğusu qeybə çəkilmişdi. Mən bunu hiss edib adamları niyə qorxmadıqları mövzusunda yüngülcə danışdırdım. Hamısının cavabı belə oldu: “Səngərdə şəhid olan cavanlardan artığıq?”

Düzü, təsirləndim, çünki adamların qaçmaqdan, qorxmaqdan utandığını gördüm. Bu yüksək ləyaqət göstəricisi çox zaman xalq və millət haqqında ümidsizliyə yuvarlanan mən binəvanı xeyli ürəkləndirdi.

İlin son günü Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

Bu mötəbər ibrət günü 1991-ci ildən qeyd olunur. Demək, aşağı-yuxarı 33 yaşı var. Düz bir qərinə. Əminliklə deyirəm, bu bir qərinə ərzində 31 dekabra heç vaxt 44 günlük müharibədəki qədər layiq ola bilməmişik. Lakin bu təbiidir. Çünki söhbət Qarabağdan, Azərbaycanın ərazi bütövlüyündən və demək Azərbaycançılığın müqəddəratından gedirdi.   

44 günlük müharibə sübut etdi ki, bütün tale yüklü məsələlər 31 dekabrdan, yəni bütün dünya azərbaycanlılarının vətən-xalq adına yumruq kimi birləşməsindən keçir.

Bəlkə, yazımın əvvəlində bəhs etdiyim film də elə bunu demək istəyir. Bir xalqın, bir vətənin bütövlüyü bir bədənin bütövlüyü kimidir, çeçələ barmağı da kəm gəlsə, insan özünü narahat sayar, nəyinsə çatmadığını, yerində olmadığını bütün varlığı ilə hiss edər.

Bəlkə, həmrəylik gününün Yeni ilə söykənməsinin də bir semiotik mənası vardır. Sanki təqvim qulağımıza ahəstə pıçıldayır ki, həmrəylik tapmasanız, sizin üçün yeni heç nə baş verməyəcək.

Təqvim dəyişəcək, həyatınız yox!

Tanrı xalqımızı hər tale yüklü addım atanda 31 dekabra layiq eləsin.