"Vətən səsi" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib. Onun sözlərinə görə, nazirlik müvafiq strukturlarla birlikdə ərazini təhlükəsiz şəkildə parselləməsinə və həmin sahələrin vətəndaşlara təhkim olunmasına şərait yaratmağa çalışır: "İşğaldan azad olunmuş ərazilərdə məhsuldarlığın artırılması məqsədilə bu il əkin sahələri ötən illə müqayisədə xeyli gednişlənib. Nəticədə azad edilmiş ərazilərdə məhsuldarlıq 37 faiz artıb. Bu, yaxşı göstəricidir. Amma həmin ərazilərdə hələ də görülməli işlər qalır".
Nazir əlavə edib ki, artıq Laçının Sus, Bəylik və Zabux kəndlərinin əkin potensialı təhlil edilib. Məlum olub ki, Sus və Bəylik kəndlərində torpaqlar əkin üçün yararlı deyil. Bu səbəbdən həmin kəndlərdə əsas diqqət heyvandarlıq və arıçılığın inkişafına yönəldiləcək: "Zabux kəndində isə əkin üçün yararlı sahələr müəyyən olunub. Bu ərazilər Ermənistanla sərhəddə yerləşir. Biz Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə əhalinin həmin sahələrdə təhlükəsiz şəkildə ərazi bölgüsü aparmasına və əkin sahələrinin vətəndaşlara təhkim olunmasına çalışacağıq".
Elxan SALAHOV