2022-ci ilin mart ayının sonunda keçirilən xüsusi əməliyyat, daha doğrusu, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu mövqe dəqiqləşdirməsi nəticəsində Xocalı rayonunun Fərrux kəndi, eyni adlı mühüm dağ platosu və bir neçə adsız strateji yüksəklik Ermənistan ordusunun işğalçı tör-töküntülərindən təmizlənmiş oldu.
İctimai TV-nin çəkiliş qrupu bu günlərdə Xocalı rayonunun Fərrux kəndinin önündəki palıd meşəsində olmuş və buradan çəkiliş etmişlər. Vidieo kadrlarda görünür ki, Ermənistan müdafiə sənayesinin istehsalı olan kompozit sığınacağın ön panelləri sökülmüş vəziyyətdədir, çarpayıları aşırılmışdır.
Hal-hazırda dağılmış olan bu mövqelərdən göründüyü kimi, düşmən istədikdə Azərbayanın hidroresurslarını atəş nəzarətinə götürə bilərdi. Amma Azərbaycan ordusunun keçirdiyi “İldırım sürəti” əməliyyatdan sonra həm Xaçınçay su anbarı, həm də Fərruxzirvəsi Silahlı Qüvvələrimizin tam nəzarətindədir.
Ordumuz Fərrux və Saxsağan dağ silsilələrində mövqe quraraq, Qarabağ iqtisadi zonasının ətrafındakı təhlükəsizlik halqasını möhkəmlətmiş, keçən ilin avqust ayında uğurla keçirilən “Qisas” əməliyyatında isə tamamilə bağlamış oldu.
Keçən ilin martın 24-də Xocalı rayonunun Fərrux kəndi istiqamətində keçirilən xüsusi əməliyyatın əsas məqsədlərindən də biri Azərbaycanın hidroresurslarının Ağdam istiqamətində yerləşən vacib qidroresursların müdafiəsi idi.
Hal-hazırda çayın məcrası başqa istiqamətə yönəldilərək burdakı qismi qurudulub və bənddə bərpa-təmir işləri görülür.
Qeyd edək ki, Xaçınçay su anbarı 1964-cü ildə istismara təhfil verilmişdir və 1993-cü ildən davam edən işğal illərində təbii ki, burda heç bir dövri-təmir işləri aparılmadığından su anbarı, demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdür. Çünki 1993-cü ildən, yəni, Ağdam rayonunun işğalçıların nəzarətinə keçməsindən sonra hidro obyetkin cari təmirləri aparılmamışdır.
Nəticə etibarı ilə əldə edilən uğurlar sırasında Xaçınçayın məcrasının separatçı qüvvələrin viziual nəzarətindən çıxarılması və eyni adlı su anbarının təhlükəsiz fəaliyyətinin bərpa olunması qeyd edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, uzunluğu 930, hündürlüyü 44 metr olan Xaçınçay su anbarının bəndi Vətən müharibəsində düşmən qüvvələri tərəfindən geniş həcmli təxribat üçün istifadə olunmalı idi. Amma işğalçının bu məkrli planı da boşa çıxdı.
Xaçınçay su anbarının önündəki çökəklikdə yerləşən koponerlər işğalçı kontingentin artilleriyası üçün qazılmışdır və 44 günlük müharibədə burda düşmənin artilleriyası, onun canlı qüvvəsi yerləşirdi və bizim kəndlərə, o cümlədən, öndəki mövqelərə zərbələr endirilirdi. Düşmənin hesabına görə əks cavabla bu ərazilər vurulmalı və Azərbaycan ordusu özü öz əliylə Xaçınçay su anbarının bəndini dağıdaraq Ağdam rayonunun bir qismini su altında qoymalı idi.
Həcmi 23 milyon kub metrə çatan Xaçınçay su anbarı rayonunu ən iri su hövzəsidir və onun yenidən tikilməkdə olan Ağdam şəhərinin və ətraf yaşayış məntəqələrinin su təminatında çox böyük rolu var. Həmçinin hidro obyekt 7 min hektar ərazinin suvarılmasını təmin edərək, rayon təsərrüfatının dirçəlişində də mühüm rol oynayacaqdır.
Tahirə AĞAMİRZƏ