21.11.2025, 23:58
AZ EN
21.11.2025, 17:46 144

Evimizdə quşlar yuva qurub...

XƏBƏRLƏR
  • Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev, qardaşı, hamımızın yaxşı tanıdığı “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu ilə birgə bu günlərdə Xocalının Kosalar kəndində öz evlərini ziyarət ediblər.

Fuad Quliyev düz 33 ilin həsrətindən sonra əllərini uşaqlıqdan ayrıldığı evlərinin uçub dağıdılmış divarlarına sürtür. Deyir ki, Kosalar kəndində evimizdəyik, min bir əzabdan sonra, 33 illik həsrətdən sonra indi evimizin divarlarına söykənmişəm. İnanın ki, elə gözəl hisslər yaşayıram ki... O qədər zülümdən, ayrılıqdan sonra bu məqamı yaşamaq özü bir xoşbəxtlikdi. Kaş ki, bizim böyüklərimiz, yurd həsrətində olan doğmalarımız da buranı gəlib görəydilər. Yurd həsrətilə dünyadan köçənlərimizə Allah rəhmət eləsin. Torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimzin ruhu şad olsun...

F.Quliyev deyir ki, mən qardaşımdan böyük olduğum üçün bu gün daha çox xatirəm var, onda Qalibin 5 yaşı vardı...

Qalib Bəyməmmədoğlu da ona qoşulur. Deyir ki, bu gün doğma evimizdə olmağım sanki mənə güc verir, insan öz evində, yurdunda  olanda həqiqətən də özünü mənən çox güclü hesab edir.

“Görürsünüz, evimizin içində necə böyük ağaclar bitib. Quşlar bu uçuq divarlarda yuva qurub. Bax, bu da həyatın maraqlı məqamlarından biridir... Bizim evimiz biz çıxan kimi yandırılıb. Evimizin iki mərtəbəsinin arasında bax, bu yanıb qaralmış taxtadan da hiss olunur. Danışmağa, deməyə o qədər söz var ki, yenə görüşərik dostlar...”, deyə, Fuad Quliyev söyləyir.

Bəli, yenə görüşərik, bu dəfə əvvəlkindən də yaraşıqlı, işıqlı evlərimizdə, Qarabağda, Xocalıda, Kosalar kəndində...  

Mina RƏŞİD

Oxşar xəbərlər