23.06.2025, 16:43
AZ EN
30.10.2023, 11:13 414

Şəhid polkovnik Anar Əliyevə həsr olunmuş mahnı və klipin təqdimatı keçirilib

XƏBƏRLƏR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə ithaf olunmuş "Vətən Qəhrəmanı" adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.

"Vətən səsi" xəbər verir ki, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkilləri Ceyhun Məmmədov, Aqil Məmmədov, Sahib Alıyev, mədəniyyət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.

Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə giriş nitqi ilə çıxış edib. O,  ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş və bu yolda canını fəda etmiş  şəhidlərimizi dərin ehtiramla yad edib.

Daha sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Millət vəkili Aqil Məmmədov xalqımızın tarixi zəfərinin ildönümünü böyük qürurla qeyd etdiyini bildirərək qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Teymur Eyyubov isə çıxışında qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən bəhs edib.

Mahnının yaradıcısı, bəstəkar-pianoçu, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova vətənpərvərlik ruhunda yazılmış çoxsaylı mahnıların - “ Yenilməzsən Azərbaycan”, “Şəhidlik zirvəsində”, “Murov qartalı”, “Şuşam mənim”, “Qəhrəman övladıyıq” və başqa əsərlərin müəllifidir. Yeni təqdim olunmuş “Vətən qəhrəmanı” mahnısı isə öz parlaq ritm-intonasiyaları ilə milli ruhun bədii tərzdə əksinin gözəl nümunələrindəndir. Qəhrəmanın parlaq, mərd, şücaət dolu obrazı mahnının yüksək ruh aşılayan melodiyası ilə yaddaşlarda iz buraxır.

Sözləri Xalq şairi Vahid Əzizə məxsus olan mahnıda Azərbaycan qəhrəmanlarının vahid obrazı canlanıb. Xalq artisti Samir Cəfərovun ecazkar səsi mahnıya əsl qəhrəmanlıq ruhu bəxş edib. Rejissor Orxan Ali isə maraqlı fiım süjeti ilə klipi zənginləşdirib və ona orijinallıq bəxş edib. Klipdə qəhrəmanın obrazını aktyor Ruslan Sabirli canlandırıb.

Tədbirdə layihənin təşəbbüskarı, şəhidin həyat yoldaşı Vüsalə Əliyeva bağlanış nitqində yaradıcı heyətə və iştirakçılara minnətdarlığını bildirib.
Xatırladaq ki,  Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı briqada komandiri kimi Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, Vətən müharibəsinin ən qızğın çağında, oktyabrın 21-də Xocavəndin Tuğ kəndi istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Anar Əliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər