10.03.2025, 10:33
AZ EN
11.02.2025, 09:31 210

Bu gün Vergi xidməti işçilərinin peşə bayramı günüdür

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatacaq vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. 2019-cu il oktyabrın 23-də isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.

Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər