26.12.2024, 20:17
AZ EN
31.01.2024, 11:35

Avropalı jurnalistlərlə Qarabağ söhbəti

Şərif AĞAYAR

  • Bu günlərdə Hollandiyadan iki jurnalist mənimlə görüşə gəlmişdi. Tərcüməçinin bildirdiyinə görə, Qarabağa səfərə hazırlaşırdılar və səfərdən əvvəl həmin coğrafiyadan olan bir yazıçı ilə görüşmək istədilər. Qonaqları azərbaycanlı-erməni konflikti, konfliktin bugünkü vəziyyəti və həm cəmiyyətdə, həm ədəbiyyatda əksi maraqlandırırdı.

Səfər xüsusi media layihəsi çərçivəsində həyata keçirildiyi üçün müəlliflik hüquqlarına hörmətlə yanaşır və qonaqlarım haqqında konkret məlumat vermirəm. Buna heç ehtiyac da yoxdur. Söhbət ümumilikdə qərbli qələm adamlarını maraqlandıran mövzulardan və bu haqda bilgilərindən gedir. 

Qarşımda ədəbiyyatı sevən, bəlkə də özləri də nə isə yazan qələm iki adamı əyləşmişdi, tərcüməçimiz də həm ədəbiyyatı, həm son tariximizi yaxşı bildiyindən söhbətimiz alındı. Əvvəl yaradıcılığımla maraqlandılar. Hiss etdiyim qədər  Qarabağdakı son hadisələrin şəxsən mənim – məcburi köçkün həyatı yaşamış bir yazıçının yaradıcılığına təsirini bilmək istəyirdilər. Mən bu mövzuda böyük bir film layihəsi işlədiyimizi söylədim. Filmin ssenari müəlliflərindən biri mənəm və əsas mövzumuz Qarabağa qayıdışdır. Əvvəlki yazılarımda isə Qarabağ hadisələri, bundan zərər görmüş insanlar yetərincədir. Əslində, Qarabağdan yazmağı heç vaxt qarşıma məqsəd qoymamışam Hər şey öz-özünə alınıb. 15-16 yaşında müharibə travmasının yaşayan bir gənc kimi məni haldan-hala salan hadisələrdən canımı qurtarmaq üçün yazmışam. Bu günlərdə tanınmış jurnalist və tərcüməçi İlqar Əldioğlu maraqlı bir post paylaşmışdı. Deyirdi, insan yazmaya bilirsə, gərək yazmasın. Düzü, bu fikrə o qədər də isti baxmıram. Mənə görə insan özündə yazmaq qabiliyyəti hiss edirsə, mütləq yazmalıdır. Lakin janrını mütləq müəyyən etməlidir. Söhbət məhz şeir, roman, hekayə yazmaqdan getmir. Gündəlik, məktub, memuar... O qədər formalar var ki... Əsas odur ürəyində sözün olsun.

Etiraf edirəm: mən yazmaya bilmədim. Hətta ilk vaxtlar məqsədim adamları incitmək idi. Müharibəyə, qaçqınlığa laqeyd qalan, bəzən Qarabağ insanına üstdən-aşağı baxan, bəzənsə müharibəni həyatımız üçün bir “avantaj” sayan insanları doğrudan da incitmək istəyirdim. Bu da mənim qisasım idi. İncitmək istədiyim adamlar isə bu mətnləri sevirdilər.

Avropalı qonaqlarımızı əvvəl-əvvəl yazılarımın bu motivi maraqlandırdı. 

Ucundan tutub getdik, ancaq ucuzluğa yox...

Müharibəyə münasibətimi soruşdular. Mən təkcə Bakıda yaşayan bir yazıçının yox, Azərbaycan xalqının müharibəyə münasibətindən danışdım. Son iki yüz ildə heç kimin bir qarış torpağına da iddia edib ərazisinə soxulmamışıq. Halbuki buna kifayət qədər əsas olub. Azərbaycan dörd tərəfdən öz tarixi torpaqları ilə sərhəd olan yeganə ölkədir.

Qarabağda apardığımız Zəfər müharibəsi də işğaldan, əsirlikdən, hətta üç onillik davam edən müharibədən can qurtarmaq, mövcudluğumuzu qoruyub-saxlamaq mücadiləsi idi. Azərbaycan ordusu heç vaxt qisasçılıq hissi ilə hərəkət etmədi. Qisasçılıq bir yerə qədər nəyisə həll edə bilər, lakin böyük miqyaslı qələbə üçün soyuq başla, obyektiv, dünyanın hazırkı mənzərəsini nəzərə alaraq hərəkət etmək lazımdır.

İşğaldan azad edildikdən sonra doğulduğum kəndə qayıtmağım, orda yaşadığım duyğulu anlar soyuqqanlı zənn etdiyimiz ucaboy əcnəbiləri xeyli təsirləndirdi. Uzun-uzadı, hətta detallara varan suallar verdilər. Məncə, mən nələri itirdiyimizi və uzun illər sonra nələrə qovuşduğumuzu onlara az da olsa başa sala bildim.  

Ermənilərin kütləvi şəkildə Azərbaycandan köçüb getməsinə münasibətim də yalnız mənim fikrim deyildi. Ölkəmizin bu istiqamətdəki siyasəti yetərincə açıq və aydındır. Otuz il əvvəldən Qarabağda yaşayan ermənilər və onların övladları bizim vətəndaşlarımızdır. Azərbaycanın qanunlarına tabe olub burada rahat yaşaya bilərlər. Müharibənin ən qızğın vaxtında ölkə başçısının yerli dinc ermənilərə müraciəti də vardı. Onların təhlükəsizliyinə zəmanət verilirdi.

Nəhayət qonaqlar üçün də, mənim üçün də sualların ən maraqlısı gəldi: “Sizin otuz il əvvəlki köçünüzlə ermənilərin indiki köçü arasında bir oxşarlıq görürsünüzmü?”.

İlk baxışdan köç-köçə bənzəyir. Ev ayın-oyununu maşınlara doldurub yaşadığın ərazini tərk edirsən. Lakin ciddi bir fərqlə: biz köçməsək öldürər, əsir alar, görünməmiş işgəncələrə məruz qoyurdular, ermənilərə qarşı bu münasibət yox idi. Əksinə, köç karvanının təhlükəsizliyi bizim hökumət tərəfindən təmin olunurdu.

Ermənilərin Qarabağdan kütləvi şəkildə köçməsinin isə iki çox vacib səbəbi vardı:

1. Onların bir çoxu bu ərazilərə işğaldan sonra məqsədli şəkildə köçürülənilər idi, yəni bu coğrafiyaya heç bir aidiyyətləri yox idi.

2. Yerli ermənilərin əksəriyyəti 90-cı illərdə Azərbaycan dövləti əleyhinə silahlı münaqişədə iştirak etmiş, cinayətlər, qətllər törətmişdir.

Avtobioqrafiyası təmiz insanlar, o cümlədən uşaq, qadın və qocalar heç bir zaman bizim hədəfimiz olmayıb.

Söhbət hərlənib-fırlanıb tanınmış türk yazıçı Əlif Şəfəqin müharibə vaxtı dağılmış kilsədə piano ifa edən erməni sənətçi ilə bağlı pasifist paylaşımından və azərbaycanlıların bu posta sərt reaksiyasından düşdü. Mən vəziyyəti izah etməli oldum. Məsələ budur ki, müharibənin gedişində boş kilsənin bir tərəfinə mərmi düşmüş, heç bir tələfat-filan törətməmişdi. Lakin həmin günlərdə erməni silahlı qüvvələri Gəncə və Bərdə şəhərlərinə – dinc əhali yaşayan məhəllələrə beynəlxalq qanunvericiliklə qadağan edilən kapsullu raketlər atmış, çoxsaylı insanı öldürüb-yaralamışdılar. Azərbaycanlı aktivistlər isə bir türk yazar kimi Əlif Şəfəqi ədalətə dəvət edir, hər iki hadisəyə münasibət bildirməsini istəyirdilər.

Siyasi aləmdə olduğu kimi mədəniyyət və ədəbiyyat sahəsində də avropalılar Azərbaycanın etnik və dini fərqliliyə münasibətinə çox həssas, bəzənsə ön hökmlə yanaşırlar. Bizim söhbətimizdə bu, açıq hiss olunmasa da, oxşar suallar verildi. Məsələ budur ki, islamafobiya yalnız sivil dünyaya alternativ dini dövlət modeli təklif edən dini-siyasi birləşmələrin fəaliyyətinin nəticəsi kimi yaranıb. Azərbaycan isə 1918-ci ildə elan olunduğu kimi, sekulyar ölkədir. Din dövlətdən ayrıdır və bizim dini inanclarımızda modern dünya üçün heç bir təhdid yoxdur. Ermənilərlə münaqişə də qəti və qəti şəkildə din zəminli deyil. Belə olsa, islamı əlində bayraq edən ölkələrin bir çoxu Ermənistana gizli və aşkar kömək göstərməzdi.

Etnik məsələyə gəldikdə, bu gün Azərbaycanda onlarla milli azlıq yaşayır və onların heç biri indiyədək bu zəmində sıxıntı yaşamayıb. Özünə problem yaradan yalnız erməni şovinistləri olub. Çünki onlar Azərbaycanın beynəlxalq təşkilatlar və beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü pozaraq bizdən torpaq iddiasına qalxıblar. Çox istərdim ki, Avropanın ən azı qələm əhli bu gerçəkləri bilsin, yalançı təbliğatlara uymasın. 

Avropalı qonaqlarım Ağdam-Şuşa-Laçın səfəri ilə bağlı məndən tövsiyələr istədilər. Kimlərlə söhbət etmək, haralara getmək daha maraqlı olar deyə... Mən də bildiyim qədər təkliflərimi verdim. Söhbətin əsas hissəsi dinə ümumilikdə münasibətimlə bağlı verilən sualla yekunlaşdı. Cavabın əhəmiyyətini nəzərə alıb burda da qeyd edirəm. Demək olar ki, bütün dini kitabları oxumuşam və dünyada Azərbaycan Respublikasının Konstitusiyasından sitat gətirdiyim aşağıdakı cümlədən daha gözəl bir ayəyə rast gəlməmişəm: “Dövlətin ali məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasıdır”.

Biz cümhuriyyətçi babalarımız kimi Azadlıqdan böyük din, Demokratiyadan böyük inam tanımırıq.