Ermənilər yenə bayram etmədilər
Xristianlığın Qriqoryanlıq məzhəbinə daxil olan ermənilər hələ sovet dönəmində aprel ayının 2-ci bazar gününü «Zadik» adlanan bayramla qeyd edirdilər. Ermənilərin inancına görə, Allah dünyanı 6 günə yaradıb və yeddinci gün istirahət edib şənlənməyi qərara alıb.
Fevral ayının 28-dən aprelin 2-ci bazar gününədək Müqəddəs Çərşənbə adlanan günlərdə ermənilər müxtəlif əyləncələr keçirir, bayram ovqatlı olurlar. «İravunk» qəzetinin 12 aprel sayında yazdığına görə Ermənistanda keçən ildən bəri bu bayram qeyd olunmur. Səbəb kimi isə Azərbaycanın Silahlı Qüvvələrinin qazandığı Zəfər göstərilir, bildirilir ki, «arsaxın» itirilməsi, minlərlə gənc erməninin müharibədə həlak olması fonunda şənlənmək düzgün deyil. Amma bəzi sosial şəbəkə istifadəçiləri bununla razılaşmayıb, vurğulayırlar ki, min illər boyu nəsildən-nəsilə keçən bayram həmişə qeyd olunmalıdır.
Azərbaycanlılarla ermənilər eyni batalyonun tərkibində döyüşürlər
«Joğovurt» qəzetinin 12 aprel tarixli sayında Rusiya və Ukraynadan Ermənistana, xüsusilə İrəvana gələn miqrantların sayının artdığı vurğulanır. Qəzet həmiçinin bildirir ki, Rusiyanın Ukraynaya hücumundan sonra erməni əsilli insanların buraya gəlməsi mənzil bazarına da təsirsiz ötüşməyib.
Belə ki, İrəvan şəhərində kirayə mənzillərin qiyməti 25-30 faiz artıb. Miqrantların əksəriyyəti isə uşaqlar və qadınlardır. Ona görə ki, Ukraynada 18-60 yaşlı insanların ölkədən buraxılmaması barədə xüsusi fərman mövcuddur. Amma ermənilər bundan da çıxış yolu tapıblar. Onlar son vaxtlar Ukraynada yaranmış vəziyyətin nəticəsi olaraq əmələ gəlmiş «qaçqın biznesi» sayəsində gizli yollarla Moldovaya, oradan isə istədikləri ölkəyə gedirlər.
Bu yaxınlaradək Ukraynada yaşayan və bu ölkənin vətəndaşlığını qəbul edən O.Hamazaspyan adlı qadının dediyinə görə, onun yaxın qohumunun xidmət etdiyi və döyüşdüyü taborda Ukrayna vətəndaşı olan azərbaycanlılar da var.
Nəsib QARAMANLI