Ermənistanın baş naziri Nikol Paşinyanın sosial bazasının hansı səviyyədə olduğu barədə sualı cavablandıran politoloq deyib ki, ölkədə siyasi durum yaxşı olmasa da, cəmiyyətdə ruh düşkünlüyü varsa da, baş nazirin tərəfdarları hələ də çoxluq təşkil edir. O, iyunun 19-da Abaranda baş vermiş qətl hadisəsinin də məhz Nikol Paşinyanın tərəfdarlarının əməli olduğunu bildirərək əlavə edib ki, onlar sözün həqiqi mənasında Paşinyanın əleyhdarlarını daim atəş açmaqla məhv etməyə hazırdılar. Bunun əsas səbəblərindən biri «Vətəndaş müqaviləsi»ndən olan deputatların öz mövqelərini gücləndirmək üçün daim iş aparmalarıdır. Politoloq iqtidar-müxalifət münasibətlərini şərh edərkən isə vurğulayıb ki, ölkədə işsizlik, yoxsulluq hökm sürsə də heç kəs vətəndaş qarşıdurmasının xeyir gətirəcəyini düşünmür. Ötən illər ərzində ayrı-ayrı klanların nümayəndələri özlərinə zəngin həyat təmin etsələrdə xalq problemlər içərisində qalmaqdadır. Ən böyük problem isə yenə də hakimiyyətə qarşı inamsızlıqdır.
Nəsib QARAMANLI