06.02.2025, 05:03
AZ EN
19.12.2022, 17:52 417

Şuşanın simalarından olan Xosrov Axundzadə

XƏBƏRLƏR
  • XX əsrin əvvəllərində Qarabağın, Şuşanın ictimai-mədəni həyatında, maarifçiliyin inkişafında yaxından iştirak edən ziyalılarımızdan biri də şair, pedaqoq, təzkirəçi Xosrov Axundzadədir.

Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Atası Mirzəli Zeynalabdin oğlu Aşiq mütərəqqi fikirli ziyalı, şair və musiqişünas olub. Xosrov Şuşa şəhər (keçmiş “Nikolayski”) məktəbində təhsil alıb. 1905-ci ildə orta məktəbi uğurla başa vurub. O,  Avropada təhsil almaq istəsə də arzusu baş tutmayıb. Atası qəflətən dünyasını dəyişib. Altınəfərlik ailənin yükü onun üzərinə düşüb. X.Axundzadə 1906-cı ildən 1917-ci ilədək Şuşada müəllim işləyib.

Xosrov Axundzadə ədəbi yaradıcılığa da maraq göstərib, “Şaiq” təxəllüsü ilə şeirlər yazıb. Onun bədii yaradıcılığa maraq göstərməsində Şuşanın məşhur simaları Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli və başqalarının böyük təsiri olub.

X.Axundzadə katibliklə də məşğul olub, bir sıra əsərlərin üzünü köçürüb, araşdırmalar aparıb. 1919-cu ildə Həmidə xanım Cavanşir-Məmmədquluzadə ondan Mirzə Cəlilin “Ölülər” əsərinin üzünü köçürməsini xahiş edib. O, əsərin tez bir zamanda üzünü köçürüb və Həmidə xanıma təqdim edib. Həmidə xanım sonra Mirzə Cəlil haqqında xatirələrində bu faktı da vurğulayıb.

Görkəmli pedaqoq və şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsi və ana dilində təhsilin ən fəal tərəfdarlarından biri kimi tanınıb.

1920-ci ildə Şuşada təşkil edilən “Nərimaniyyə” və “Haşimiyyə” məktəblərində dərs deyən X.Axundzadə 1928-ci ildən Xocavənd rayonunda pedaqoji fəaliyyətini davam etdirib. O, 1932-ci ildə yenidən Şuşaya qayıdıb və burada müəllimliklə yanaşı, savadsızlığın ləğvi hərəkatında da yaxından iştirak edib. 1935-ci ildən Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifçilik işi aparıb.

X.Axundzadəni ictimai mühitdə daha çox tanıdan “Xatirələr” adlı kitabı olub. XIX əsr Azərbaycan yazıçı və şairlərinin Şuşanın tarixi yer adları ilə bağlılığından bəhs edən bu kitab bir çox cəhətdən təqdirəlayiqdir. Təxminən 70 illik bir dövrü əhatə edən əsərdə Azərbaycan xalqının maarif və mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyəti əksini tapıb. Burada eyni zamanda ailə-məişət, adət-ənənə, keçmişin ağrılı-acılı günləri, köhnə dini məktəblərdə tədris “üsulları” diqqət mərkəzinə çəkilib.

Mərhum professor Əliyar Qarabağlı “Xosrov Axundov-Şaiq haqqında” xatirəsində yazır: “Cəlil Məmmədquluzadə və Həmidə xanımla, Üzeyir bəy Hacıbəyli və Süleyman Sani Axundovla şəxsən dost və tanış olan Xosrov Şaiq, ümumiyyətlə, Qarabağ, xüsusən Şuşa şəhəri haqqında ən dərin məlumata sahib idi. Buna görə də Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar”.

Tanınmış ziyalı həm də Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” ədəbi məclisinin üzvü olub. Nəvvabla yaxın ünsiyyət qurub, onun həyat və yaradıcılığı ilə bağlı materialları toplayıb. Mənbələrdə göstərilir ki, ilk dəfə olaraq M.M.Nəvvab haqqında monoqrafik əsəri də o yazıb. Çünki atası Mirzəli Aşiq də Nəvvabla yaxın dost olub. Onlar ədəbiyyat və musiqiyə dair bir çox məsələlər barədə birgə müzakirələr aparıblar. 1913-cü ildə “Orucov qardaşları” mətbəəsində çap olunan “Təzkireyi-Nəvvab” kitabında 100-ə yaxın Qarabağ şairi haqqında məlumat verilib. Həmin kitabda Xosrov Şaiqin maarif və mədəniyyətin inkişafından bəhs edən “Ey vətəndaşlar, gəlin, elm əxz edib aqil olaq” misrası ilə başlanan şeiri də yer alıb. Onu da qeyd edək ki, X.Axundzadənin şəxsi arxivində Nəvvabın xatirəsinə həsr etdiyi “Şuşanın çayı” poeması qorunub saxlanılır.

X.Axundzadə ömrünün sonlarına yaxın böyük həvəslə şeir və qəzəllərini bir yerə toplayıb “Məcmueyi-əşari” adı ilə çap etdirməyə çalışsa da, bu işi axıra çatdıra bilməyib. Maarif xadimi 1960-cı ildə may ayının 10-da  Şuşa şəhərində vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər