Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici işıq üzü görüb.
Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, “Şuşa İli” çərçivəsində hazırlanan biblioqrafiya MEK-in fondlarında qorunan materiallar əsasında tərtib olunub. Biblioqrafik göstəriciyə Şuşanın tarixinə, coğrafiyasına, maddi-mənəvi abidələrinə, ədəbi mühitinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş mənbələr daxil edilib.
“Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, tərtibçiləri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova və Nərgiz Novruzovadır.
Göstəricidə materiallar xronoloji əlifba qaydası ilə verilib. Həmçinin istifadəni asanlaşdırmaq məqsədilə Şuşa haqqında kitabların və müəlliflərin əlifba göstəricisi tərtib olunub. “Şuşa-270” adlı biblioqrafik göstərici tədqiqatçı alimlər, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.