Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva İnstaqram hesabında R.T.Ərdoğanın “Sarı gəlin” ifasını paylaşmışdı.
Əsrlərdir mübahisə mövzusu olan mahnının yaranma tarixi haqqında bir çox versiyalar var.
Bəzi araşdırmaçılar mahnını 7-8 əsr, bəsiləri isə 2-3 əsr öncəyə aid edirlər. Digər bir versiyaya görə, mahnı İslam dinindən əvvəl yaranmışdır.
“Sarı gəlin” mahnısı əsasən türk xalqlarının yaşadığı ərazilərdə yayılıb. Mahnının sözləri Bayat tayfasının adı ilə bağlı olan bayatı janrındadır. Çox arxaik və bir neçə not üzərində bəstələndiyi bildirilir. Sadə vəzndə yazılan mahnı 7 hecadan ibarətdir. “Sarı gəlin” də əksər Azərbaycan mahnıları kimi “Şur” janrındadır.
Mahnıda nakam eşqdən bəhs olunur. Qədim türk anlayışında “Sarı”-kübar, “İncə” mənası verir. Qədim oğuz türklərində sarı, qızılı günəşin rəngini bildirirdi. Türklər gəlini sarı libasda, sarı və ya qızılı kəcavədə yola salırdılar.
“Sarı gəlin” adının da məhz buradan gəldiyi ehtimal olunur. Azərbaycanda bu ifadə həm “rəng”, həm də “sarı simə toxunmaq” kimi istifadə edilir.
“Sarı gəlin” mahnısını Qarabağ adət-ənənələri ilə də bağlayırlar. Keçmişdə qarabağlı qızlar nişanlandıqdan sonra sarı örpək örtərmişlər. Mahnının “Səni mənə verməzlər” misrası da məhz buna işarədir. Rəvayətə görə, o dövrdə qıza elçi düşəndə əvvəlcə nənəsinin yanına gələrmişlər. Sevgilisinə qovuşa bilməyən gənclərdən biri “Səni mənə verməzlər, ay nənən ölsün, Sarı gəlin”,- deyə mahnı oxuyub.
Digər versiyaya görə, “Sarı gəlin” Ağqoyunlu hökmdarı Uzun Həsənin xanımı Despinaya həsr olunub. Həsənin anası Sara xatun nigahın bağlanmasına israr etdiyindən toyda “Saranın gəlini” mahnısı oxunub, sonralar isə “Sarı gəlin”ə çevrilib.
Başqa bir versiyaya görə isə mahnının yaranması şah İsmayıl Xətai dövrünə təsadüf edir. Xətainin mahnını saraydakı qadınlardan birinə həsr etdiyi deyilir. Mahnıda qədim Aşıq musiqisi olan “İrəvan çuxuru”nun ritmi duyulur.
Anadolu türklərinə görə, mahnı Ərzurumda azərbaycanlılar yaşayan kəndlərdə yayılıb. “Sarı gəlin”in Türkiyə variantı “Erzurum çarşı pazar” misrası ilə başlayır. Ərzurumda yaşayan kasıb gəncin varlı bəy qızına olan nakam sevgisindən bəhs olunur.
Digər versiyaya görə isə türk sərkərdə sevdiyi slavyan qıza “Sarı gəlin” adlı şeir yazır, sonralar şeirə musiqi bəstələnir.
Bir çox əsərlərimizi heç bir fakta əsaslanmadan adlarına çıxmağa çalışan ermənilər bu mahnının da onlara məxsus olması barədə əsassız iddialar səsləndirirlər. Hətta əsərə ad da qoyublar: “Sarı axçik”.
Mahnıya gürcülərin də iddiası var. 2010-cu ildə gürcü tarixindən məhs edən kitab çap olunur və kitabda “Sarı gəlin”in qıpçaqların hücumu zamanı əsir düşən gürcü qızı Tamara olduğu iddia edilir.
Görkəmli Azərbaycan bəstəkarları Asəf Zeynallı və Səid Rüstəmov mahnını nota köçürüblər. Dramaturq Cəfər Cabbarlı isə mahnını “1905-ci ildə” əsəri ilə əbədiləşdirib.
Tanınmış ifaçılarımız Hacı Hüsü, Mirzə Səttar, Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd və Cabbar Qaryağdıoğlu bu ölümsüz əsəri ifa ediblər. Təəssüf ki, həmin dövrdə səs yazıları vala köçürülməyib.
Akif İslamzadə ilk dəfə 1977-ci ildə mahnını estrada musiqimizə uyğunlaşdıraraq lentə alıb.
“Sarı gəlin” Azərbaycanın qədim və zəngin musiqi irsinin ən gözəl nümunəsi kimi dünyada ən çox müraciət edilən əsərlərdəndir.
Tahirə AĞAMİRZƏ