20.04.2025, 06:50
AZ EN
01.11.2022, 14:30 630

Ulu Öndərimiz qeyri-adi şəxsiyyətdir

XƏBƏRLƏR

29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1923-cü il 10 mayda anadan olmuşdur. 2023-cü ildə 100 illiyi tamam olması ilə əlaqədar olaraq bu günlərdə əməkdar artist, əslən Zəngilandan olan İsgəndərzadə Vüsalla görüşüb Ulu Öndərimiz barədə xatirələrini bölüşdük.   

 -Ulu Öndərimiz Heydər Əliyevlə görüşümüz 1998-ci ildə olmuşdu. Yadımdadır, Moldovanın prezidenti V.Voronin Azərbaycana gəlmişdi. Konsert proqramı İncəsənət Muzeyində təşkil edilmişdi. Onda mən çox gənc idim, Milli Konservatoriyanın ikinci kursunda oxuyurdum. Çox həyəcanlı idim. Konsertdə Prezidentlərlə məsafə yaxın idi, məni həyəcan bürümüşdü. Düzdü, bundan əvvəl də bir görüşümüz olmuşdu, amma yenə həyəcan vardı. Mən pianoçu ilə iki əsər ifa elədim, fikir verdim ki, o ifa başlayandan bitənə qədər hər şeyə göz qoyur. Konsertdən sonra Mədəniyyət nazirimiz Polad Bülbüloğlu mənə yanaşdı və dedi ki, H.Əliyev sənin ifanı çox bəyəndi. Həmin konsertdə tanınmış ifaçılar iştirak edirdi, mən Habil Əliyev kimi bir musiqiçi ilə səhnəni paylaşırdım. Buna çox sevindim və bundan sonra bütün dövlət tədbirlərində, xüsusilə də, rəsmi ziyafətlərdə iştirak edirdim.

Ulu öndərlə ilk görüşümüz isə, səhv etmirəmsə,  1998-ci ilin may ayına təsadüf edir. Onda konservatoriynın rektoru Fərhad Bədəlbəyli məni çağırdı və dedi ki, mənim sənə simpatiyam var. İstərdim ki, səni Heydər Əliyevlə görüşə göndərim. Hər ali məktəbdən bir nəfər getməlidir, mən də səni düşünürəm. Mən bu görüşün səbəbini soruşdum və Fərhad müəllim dedi ki, Sizə yeni pasport veriləcək. Onda Azərbaycan pasportu yenicə çıxmışdı. Mən çox sevindim.       

Getdik. Prezidentin sarayında Ulu Öndər bizi qəbul elədi. Bizim aramızda belə bir dialoq oldu.

-Sən neçənci kursda oxuyursan?

-2-ci kursda.

-Nədi ifa elədiyin?

-Tar alətidir.

-Tar çox çətin alətdi, öhdəsindən gəlirsən?

-Çalışıram. Resbublika müsabiqələr laureatıyam. Bir çox mötəbər tədbirlərdə iştirak eləmişəm. Avropanın bəzi şəhərlərində olmuşam.

Çox gözəl qarşıladı, dedi, sən üzərində çox çalışmalısan, həm də tar  gözəl alətdi, sən hələ gəncsən. Bil ki, Azərbaycanda tarçalanlar həmişə böyük hörmətə sahib olublar. Bunu sən yadında saxla.

Görüşdə arada mən mikrafon istədim. Çıxış elədim. Bütün respublika gördü bunu. O vaxt seçki ərəfəsi idi, mən də Ulu Öndərə böyük hörmətim olduğunu dedim, elə uşaqlıqdan bu dahi insana böyük hörmətim olub. Gəncləri ona səs verməyə çağırdım. Bilirdim ki, Azərbaycanın gələcəyi onun əlindədir.

Mənim yaddaşımda bu dialoq çox gözəl bir xatirə kimi qaldı, pozitiv bir enerji verdi mənə.

Bundan sonra bir çox konsertlər olub ki, istər rəsmi ziyafətlər olsun, istər  böyük konsert proqramları, mən Ulu Öndərin iştirak etdiyi tədbirlərdə çıxış edirdim. Yadımda gözəl bir xatirə qalıb. 2000-ci il idi. Rusiyanın prezidenti Vladimir Putin yeni seçilmişdi, Azərbaycana ilk dəfə gəlmişdi. Bakıda keçirilən gözəl bir konsert proqramında iştirak elədik. Çox az nümayəndə var idi. Dinləyici az olsa da gözəl musiqi havası vardı. Hiss olunurdu ki, həssas insanlardı. Mən ifaya başladım, ilk əsərim “Cahargah rapsodiyası” idi, sonra lirik bir əsər seçmişdim F.Əmirovun “Mən səni araram”, sonra da “Mart yallısı”. İlk əsəri ifa etməyə başladım. Hamı sakit tərzdə yeməyini yeyirdi,  Prezidentlər də asta-asta danışa-danışa yeyirdilər. “Mən səni araram” mahnısını ifa etməyə başlayandan bir 10 saniyə keçmişdi, gördüm musiqi prezidentimizin diqqətini cəlb elədi, çəngəl-bıçağını kənara qoydu və əlini çənəsinə dayadı, bir az da arxaya söykənib qulaq asmağa başladı. Ziyafət Bakı Əyləncə Mərkəzində keçirilirdi. Deməli üç stol sağ tərəfdə idi, üç stol sol tərəfində nazirlər, məmurlar əyləşmişdilər. Təkcə o dayanmışdı. Əlini Putinin əlinin üstünə qoydu, o dəqiqə bildi ki, nə demək istəyir. O da dayandı çəngəl-bıçağını yana qoydu. İkisi də mənə qulaq asdılar. Ətrafdakılar da bunu gördülər, onlar da dayandılar, musiqiyə diqqət elədilər. H.Əliyev hamıdan əvvəl başladı əl çalmağa. Xeyli alqışladı. Mən hiss elədim ki, əsər ona həddindən artıq toxunub, ona xoş gəlib, xəyallara dalıb. Bundan sonra bütün tədbirlərdə iştirak elədim. Ta  2003-cü ildə onun vəfatına qədər. Nə seçirdimsə bir əsəri mütləq ora daxil edirdim ki,  o həmin “Mən səni araram” əsəri idi. Başa düşürdüm ki, belə lazımdı. Mədəniyyət Nazirliyi deyirdi, böyük bir simpatiyası var bu mahnıya, özü də mənim ifamda. Bu da qəlbimdə bir iz buraxdı və mən öz-özümə düşündüm ki, əgər mən belə bir böyük insanın qəlbinə yol tapmışamsa mən nə qədər xoşbəxt bir insanam. Qürur hissi keçirirdim, onun qarşısnda ifa etmək mənim üçün bir fəxr idi.

Bir də demək istəyirəm ki, Ulu Öndərimiz hər zaman ətrafında kim olursa olsun konsertin sonunda gəlib musiqiçilərlə görüşürdü. Onların problemləri ilə maraqlanırdı, uğurlarını soruşurdu. Bu səhnə arxasından da görünürdü.

Mən xarici ölkələrdə dövlət xətti ilə çox konsertlərdə Azərbaycanı təmsil etmişəm. Demək olar ki, Avropanın yarısını gəzmişəm. Son vaxtlar  biz iki dəfə Amerikada da olmuşuq. Öz qrupumla getmişəm. Əvvəllər simfonik orkestr və Teymur Göyçayevin kamera orkestri ilə gedirdim.  İndi artıq yaradıcılığımı daha geniş aspektdə göstərmək üçün öz qrupum var. İndi özüm də bəstəkarlıq edirəm.

Ancaq mən ən böyük dinləyicim üçün darıxıram, istərdim ki, indiki zamanda da yanımızda olsun, onun üçün ifa edim...

Ankarada biz dünya azərbaycanlılarının həmrəylik günündə çox böyük konsert proqramı ilə çıxış etmişdik. Türkiyənin Prezidenti cənab R.T.Ərdoğan bilavasitə iştirak edirdi. Yadımdadı, onda H.Əliyev yox idi, səhnəyə onun böyük şəklini qoymuşdular. Çox böyük və möhtəşəm bir şəkil idi. İki prezidentin birlikdə şəkli idi. Biz qardaşıq. Bir millət, iki dövlətik.

Dəfələrlə Türkiyənin prezidenti ilə görüşlərdə iştirak etmişəm. Hətta  prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi tədbirlərdə də çıxış edirəm. O vaxt xaricdən prezidentlər ölkəmizə tez-tez gəlirdilər.

Türk dünyasına böyük önəm verirdi. Mən 2015-ci ildə “Əməkdar artist” adına layiq görülmüşəm. O vaxt bir çox müsabiqələrdə laureat olmuşdum, birinci yerin qalibi seçilmişdim.  

Elə böyük bir insanın olduğu konsertlərdə çıxışımı böyük uğur hesab edirəm. O hərtərəfli insan idi, dahi bir insan idi, musiqiçiləri, bəstəkarları yaxşı tanıyırdı, çox məlumatlı şəxsiyyət idi. İstər musiqi, istər idman o qədər musiqiyə önəm verirdi ki, kövrəlirdi. Biz o vaxt görüşəndə gördüm elə bir zəhmi var idi ki, onun enerjisi böyük idi, mən o görüşü yadımdan çıxara bilmirəm. İnsanlarla görüşürsən adi olur, amma onun elə enerjisi vardi ki, onu Sizə təsəvvür edə bilmirəm. O qeyri-adi bir insan idi.       

 

İsa MUSAYEV   

Oxşar xəbərlər