24.04.2025, 21:58
AZ EN
24.04.2025, 16:56 137

Gülarə Məmmədova: "Tezliklə teatrımız Şuşaya köçəcək"

XƏBƏRLƏR
  • "Bir aktrisanın ən böyük arzusu tamaşalar, rollardır. Təbii ki, hər kəs kimi mənim də arzuladığım rollar, özümü görmək istədiyim tamaşalar var. İnşallah zamanla istədiyim rolları oynamaq qismətim olar. Şuşa mənim ana vətənimdir. Tezliklə teatrımız Şuşaya köçəcək və mən də təbii ki, kollektivimlə birgə orada yaşayıb, fəaliyyət göstərəcəm. Bu mənim üçün böyük bir fəxr və qürur olar. Çünki biz ailəlikcə öz torpağımıza, Şuşamıza bağlıyıq”.

Bu sözləri Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Gülarə Məmmədova deyib. O, daha sonra əlavə edib:

“Əslində sənədlə bağlı tərəddüdlərim hər zaman olub və indi də var. Amma mən bu sənətə gələndə onları çox düşünmürdüm. Çünki gözümü teatrda açmışam. Demək olar ki, kulis arxasından teatrın bütün çətinliklərini görmüşəm. Ona görə də hər şeyi bildiyim üçün bütün tərəddüdləri kənara atdım. Çünki uğur qazanmaq istəyən insan sənətinə tərəddüdlə yanaşıb, hansısa çətinlikdən qorxmamalıdır. Təbii ki, sərhəd, çərçivə var. Bizim mentalitetə yad olan səhnələr oynamaram. Çünki bu tip səhnələr bizim cəmiyyətimizdə qəbul olunmur. Mən buna pis baxmıram və elə səhnələrdə çəkilən aktirsalarımızı da cəsur ürəkli adlandırıram"- deyə aktrisa bildirib.

Gülarə xalası, xalq artisti Firəngiz Mütəllimovanın ona olan dəstəyindən də danışıb:

“Sözün düzü xalamın oynadığı hər yeni tamaşaya baxdıqca məndə bir az aktyorluq sənətinə sevgi yaranırdı. Amma "Varlı qadın" tamaşasından sonra aktyorluq sənətinə tamamilə aşiq oldum. Yeri gəlmişkən, Firəngiz xanım bu günlərdə benefisi üçün həmin tamaşanı bir daha oynadı. Tamaşa böyük anşlaqla keçdi. Xalam mənə çox şey öyrədib. Bu sənətdə düzgün addım atmağım üçün hələ də öyrədir. Mən ondan günü bu gün də çox şeylər öyrənirəm. Düşünürəm ki, hələ ondan öyrənəcək çox şeyim var. Həm sənətdə, həm də həyatda… Düzdür, əvvəllər məni sənətdən uzaqlaşdırmaq istəsə də, gördü ki, mən sənətsiz yaşaya bilmirəm. Ona görə də dəstək oldu. Biz gənclərin nəinki xalamdan, ustadlarımızdan öyrənəcək çox şeyləri var. Teatrda tərəf müqabili olduğum sənətkarlardan da hər dəfə nələrsə götürməyə çalışıram. Onlarla səhnəyə çıxmağın özü bir imtahandır”- deyə aktrisa bildirib.

Gülarə qeyd edib ki, Firəngiz Mütəllimovadan ana qayğısı görüb:

“Məni demək olar ki, xalam böyüdüb. Rəsmi sənədə ehtiyac yoxdur, mən onun qızıyam. Hər yerdə də məni belə təqdim edir. Bu təqdimat da mənə bir növ dəstəkdir. Hər kəsə bəllidir ki, xalamın övladı yoxdur. Məni övladı kimi görür, övladı kimi münasibət göstərir və biz ana-bala kimi danışırıq” deyə o vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər