Bu gün Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür
Ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin ədəbi irs qoyub.
Yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri”, “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan”, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.
Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.
Azərbaycanın görkəmli şəxsiyyətləri zaman-zaman Əli Vəliyevin şəxsiyyəti və yaradıcılığı haqqında dəyərli fikirlər söyləyiblər.
Xalq yazıçısı Mirzə İbrahimov: “Əli Vəliyevin yaradıcılığı, onun ən yaxşı roman, povest, hekayə və publisist yazıları belə bir bədii həqiqəti də təsdiq edir ki, yazıçı xalqla, xalqın həyatı ilə, mənəvi aləmi ilə nə qədər dərindən bağlı olursa, onun əsərlərində işıqlı fikirlər, insana inam o qədər aydın və təsirli, inandırıcı boyalarla öz əksini tapır”.
Xalq yazıçısı İsmayıl Şıxlı: “Əli müəllim 82 il yaşadı, bütün ömrü boyu da zəhmətlə. Vəzifəli vaxtı da oldu, vəzifəsiz vaxtı da. Amma xasiyyətini dəyişmədi. Biz onu həmişə sadə, qəlbi açıq, mehriban, tez tutulub, tez açılan, hirslənməyi ilə barışmağı bir olan, kin-küdurətsiz, qayğıkeş, küsəyən, uşaqtəki sadəlövh bir adam kimi gördük”.
Xalq şairi Mirvarid Dilbazi: “Əli Vəliyevin xarakterinin ana xətti - mənəvi təmizlik, xalqına, mənsub olduğu dövlətə, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olmasıdır”.
Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib. (AZƏRTAC)