23.02.2026, 13:39
AZ EN
23.02.2026, 11:39 99

Görkəmli rejissor, aktyor və ictimai xadim Şəmsi Bədəlbəyli

XƏBƏRLƏR
  • Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş görkəmli rejissor, aktyor və ictimai xadim Şəmsi Bədəl oğlu Bədəlbəyli 1911-ci il fevralın 23-də Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Atası tanınmış pedaqoq Bədəl bəy Bədəlbəyli, anası isə Rəhimə xanımdır. Ailəsindən gələn maarifçilik ruhu onun gələcək taleyini sənətlə bağlamışdır.

Orta məktəbi qurtarandan sonra o, Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. Musiqiyə olan həvəsi onu Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfinə gətirmiş (1927-1932), o, burada dahi Üzeyir Hacıbəyovun tələbəsi olmuşdur.

Tələbəlik illərində Milli Dram Teatrının orkestrində tar çalan Şəmsi, burada dramaturq C. Cabbarlı, aktyor-rejissor İ.Hidayətzadə, rejissor-pedaqoq A.Tuqanovla kimi nəhəng sənətkarlarla dostluq edərək rejissorluq sənətinin sirlərinə yiyələnmişdir.

Gənc istedadın qabiliyyəti nəzərə alınaraq, o, 1933-cü ildə Moskvaya – məşhur "Malıy Teatr"a təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Dram Teatrında Şəmsi Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq C.Məmmədquluzadənin “Ölülər” əsəri tamaşaya qoyulub. Bu, Şəmsi Bədəlbəylinin yaradıcılığında yeni mərhələnin başlanğıcı olub və ona olduqca yüksək şöhrət qazandırıb. 

İkinci Dünya müharibəsi dövründə Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana ezam edilib, öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb. O, İranda həvəskar aktyorlarla birlikdə Üzeyir Hacıbəylinin "Arşın mal alan", Zülfüqar Hacıbəylinin "Əlli yaşında cavan" əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradıldıqda Şəmsi Bədəlbəyli bu teatra rejissor təyin edilir.  Bu teatrda müəyyən fasilələrlə baş rejissor, bədii rəhbər və direktor vəzifələrində çalışıb.

Teatr sənətinin inkişafında göstərdiyi böyük xidmətlərə görə görkəmli rejissor 1943- cü ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Teatr fəaliyyəti ilə yanaşı, Şəmsi Bədəlbəyli kino sahəsində də yaddaqalan obrazlar yaradıb. Sənətkar “O qızı tapın”, “Axırıncı aşırım” və “Ömrün səhifələri” filmlərində çəkilərək tamaşaçıların yaddaşında qalan rollar ifa edib.

Böyük sənətkar 1987-ci il mayın 23-də vəfat etmiş İkinci Fəxri xiyabanda  dəfn olunmuşdur.

Oxşar xəbərlər