01.03.2026, 15:57
AZ EN
09.12.2025, 15:47 222

"Mənim tanıdığım Ələsgər” adlı konsert tədbiri keçirilib

XƏBƏRLƏR
  • Azərbaycanın zəngin söz sənətinin dahi nümayəndələrindən biri olan Aşıq Ələsgərin irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər bu gün də davam etdirilir. Onun yaradıcılığı nəinki folklor, həm də milli-mənəvi kimliyimizin formalaşmasında mühüm rol oynayıb. Bu istiqamətdə aparılan təşəbbüslərdən biri də “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkil etdiyi etdiyi növnəti tədbir olub.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyi fəaliyyətinin 5 illiyi münasibətilə genişmiqyaslı hesabat konserti və birliyin təşəbbüsü ilə yeni işıq üzü görən “Mənim tanıdığım Ələsgər” kitabının təqdimat mərasimini həyata keçirib. Tədbiri giriş nitqi ilə açan İctimai Birliyin sədri Xətai Ələsgərli qurumun ötən illər ərzində Aşıq Ələsgər irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər barədə məlumat verib. O, bu müddət ərzində İctimai Birliyin təşəbbüsü ilə Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş onlarla kitabın işıq üzü gördüyünü və bu prosesin ardıcıl şəkildə davam etdirildiyini vurğulayıb.

Tədbirin aparıcısı, yazıçı Şərif Ağayar müəllifi olduğu “Mənim tanıdığım Ələsgər” kitabının yaranma səbəbləri, topladığı qeydlər və Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı şəxsi müşahidələrindən danışıb. Şərif Ağayar ustad sənətkarın şeirlərinə fərqli rakursdan yanaşmağa çalışdığını, onu daha çox böyük şair kimi xarakterizə etdiyini və bu səbəbdən klassik ədəbiyyat, xüsusilə Füzuli yaradıcılığı ilə maraqlı analogiyalar apardığını qeyd edib. Müəllif kitabın geniş oxucu kütləsi və ələsgərsevərlər tərəfindən maraqla qarşılanacağına inandığını bildirib.

Tədbirdə millət vəkilləri Hikmət Babaoğlu və Aydın Hüseynov çıxış edərək İctimai Birliyin Qərbi Azərbaycana qayıdış ideyasına verdiyi mühüm töhfələri yüksək qiymətləndiriblər. Onlar Aşıq Ələsgərin həyat yolunun Qərbi azərbaycanlıların taleyini simvolizə etdiyini və bu irsin qorunmasının qayıdış prosesinin əsas halqalarından biri olduğunu vurğulayıblar.

Kitabın redaktoru və İctimai Birliyin İdarə Heyətinin üzvü Hacı Abbas Bağırov nəşrin ərsəyə gəlməsi prosesindən, əsərdə toplanmış dəyərli faktlardan və ustad aşığın yaradıcılığının işıqlandırılması baxımından kitabın əhəmiyyətindən danışıb. O, həmçinin bildirmişdir ki, bu kimi nəşrlər Aşıq Ələsgər irsinin daha dərindən öyrənilməsinə və gələcək tədqiqatlar üçün zəmin yaratmağa xidmət edir.

Filologiya üzrə fəlsəfə doktoru, sufi ozan, “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının müəllifi Fəxrəddin Salim çıxışında vurğulayıb ki, Aşıq Ələsgər irsi hələ də tam araşdırılmayıb və onun söz dünyasına yaxınlaşdıqca yeni qatların açıldığı müşahidə olunur. Alim qeyd edib ki, ustadın poeziyası həm fəlsəfi, həm sufi, həm də ehtiva etdiyi yüksək bədii forma baxımından hələ araşdırılmasını gözləyən geniş bir dünyadır.

Tədbirdə alimlər, sənət adamları və ədəbiyyat xadimləri – Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, tibb və filologiya üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, "Ozan məclisi" proqramının müəllifi və aparıcısı Qorxmaz Tofiqoğlu, şair və publisist Ramiz Qusarçaylı, ədəbiyyat üzrə fəlsəfə doktoru, şair Zəki Bayram, professor, şair, tərcüməçi Xəqani Qayıblı, tədqiqatçı Hacı Loğman Babacanlı, eləcə də ələsgərsevər iş adamları Rəşid Süleymanov və Aqil Kərimov çıxış edərək İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib, həyata keçirilən layihələr və nəşr olunan kitablar barədə müsbət fikirlər səsləndiriblər. Onlar Aşıq Ələsgər yaradıcılığının zənginliyindən, bu irsin təbliğinin milli-mənəvi kimliyin qorunmasında mühüm rol oynadığından bəhs ediblər.

Tədbirin bədii hissəsində “İrəvan” xalq çalğı alətləri ansamblının ifaları təqdim olunub. Ansamblın solistləri xanəndə Rəşad İdrisoğlu və Elşad Həsənov Aşıq Ələsgərin sözlərinə mahnılar ifa ediblər. Xüsusi ifaları ilə seçilən Adnan Əmirli Qazax dombrası ilə “Er Turan” və Qırğızıstanın “Manas” dastanından parçalar təqdim edib, xanəndə Mehranə Vəliqızı öz ifası ilə gecəyə rəng qatıb. Həmçinin tanınmış aşıqlar, əməkdar mədəniyyət işçiləri Aşıq Bəhmən Kazımov, Aşıq Ədalət Dəlidağlı, Aşıq Nemət Qasımlı, beynəlxalq müsabiqələr laureatı Aşıq Ramin Qarayev, Aşıq Nəbi Nağıyev, Aşıq İlqar Qələmçəli, Afil Bəxtiyar və Tacir Alıxanov səhnəyə çıxaraq ustad Aşıq Ələsgər irsindən seçilmiş nümunələr ifa ediblər. Aşıqları balabanda Əməkdar mədəniyyət işçisi Ələkbər Ələkbərov müşayiət edib.

Tədbirin sonunda “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edərək tədbirə qatılan qonaqlara və ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib. O, Aşıq Ələsgər irsinin qorunması və təbliği istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayaraq, Birliyin gələcək layihələrinin də milli-mədəni yaddaşın yaşadılmasına xidmət edəcəyini qeyd edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər