21.11.2024, 21:06
AZ EN
01.04.2022, 07:20 680

Azərbaycanlı yazıçının erməni vandalizmindən bəhs edən əsəri Türkiyədə nəşr olunub

XƏBƏRLƏR

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı “Dinməyən acı: Xocalı” adlı siyasi-tarixi, sənədli əsəri Türkiyədə nəşr olub. Əsər, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasına dəstək olaraq yazılıb.
Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab, səkkiz fəsil, 688 səhifədən ibarətdir. Əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan adlı dövlətin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, saxta “böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımı və xalqımızın məruz qaldığı bir çox erməni vandalizminin səbəb və məqsədlərinə aydınlıq gətirilib.

"Report"un yerli bürosuna açıqlama verən müəllif, əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılması barədə Prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlərin tədqiqata cəlb olunduğunu vurğulayıb.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran Sabir Şahtaxtı, Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsərdə “Zəfər bölümü” başlığı ilə işlənilib. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.

Həmçinin kitabın sonunda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən, AZƏRTAC tərəfindən lentə alınmış orijinal fotolar da öz əksini tapıb.
Qeyd edək ki, kitabın Azərbaycanın Türkiyədəki Səfirliyində geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulub. (Report")

Oxşar xəbərlər