Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, ustad aşıq Altay Məmmədli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.
Onun sözlərinə görə, layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına və bu mühitdə yaradılmış dastanlara yönəldiləcək. Qərbi Azərbaycanda yaradılmış və aşıqların repertuarında zaman-zaman mühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq. Bu, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaradacaq, həm də aşıqlar, xüsusilə də gənc aşıqlara bu dastanlarla yaxından tanış olmaq imkanı qazandıracaq.
Bildirilib ki, kitaba əsasən Qərbi Azərbaycanla bağlı olan və zaman-zaman bu bölgənin aşıqlarının repertuarında yer tutmuş dastan və dastan-hekayətləri daxil ediləcək.
Kitabın sentyabr ayında geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. (AZƏRTAC)