Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “İRS” Nəşriyyat Evi, eləcə də onun Azərbaycanın tarixi, mədəniyyəti və mədəni irsi haqqında olan nəşrlərindən danışıb. Bildirib ki, bu kitablar ölkəmizin qədim, zəngin və maraqlı tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi bu kitabların Parisdə təqdimatı vacibdir. Onlar fransızlara Azərbaycanı yaxından tanımağa imkan verəcək.
“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı “İRS” jurnalı və Nəşriyyat Evi haqqında ətraflı məlumat verib. Bildirib ki, “İRS” jurnalının Fransada ilk təqdimatı 2011-ci ildə Senatda keçirilib. 25 ildir işıq üzü görən və 20 dildə dərc olunan jurnal sonradan “Paşa Holdinq”in dəstəyi ilə kitablar da dərc etməyə başlayıb. Nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.
Artıq bir çox Avropa ölkələrində təqdimatı keçirilmiş bu kitablar dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanın qədim və zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olmağa imkan yaradır. M. Mərcanlı tədbir iştirakçılarını nəşriyyatın digər kitabları ilə tanış olmaq üçün “İrs” internet portalına müraciət etməyə dəvət edib.
“İRS” Nəşriyyat Evinin baş redaktoru Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) xalqımıza məxsus qədim diyar olduğunu elmi-faktoloji materiallar əsasında təqdim edən “Daşları toplamaq vaxtıdır” kitabında regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini, eləcə də digər mədəni abidələrimizin foto və sənədli sübutlarla təqdim olunduğunu bildirib. O, İrəvanın vaxtilə Azərbaycanın “İrəvan xanlığı” olduğunu xatırladaraq, bu gün Qərbi Azərbaycan olan İrəvanda tarixi və mədəni irsimizin məqsədyönlü şəkildə dağıdıldığını, izlərinin silinməsinə çalışıldığını bildirib. Ermənilər zaman-zaman, mərhələ-mərhələ azərbaycanlıların Qərbi Azərbaycanın aborigen sakinləri olduğunu sübut edən izləri - toponimləri, memarlıq abidələrini və mədəni irsin digər nümunələrini məhv ediblər. “İRS” nəşriyyat evinin dərc etdiyi “Daşları toplamaq vaxtıdır” kitabının İrəvanda olmuş və bu gündə bəzi qalıqları qalan Azərbaycan tarixi və mədəni abidələrindən bəhs etdiyini diqqətə çatdırıb.
"Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Paşa Holdinq”in bu layihədə iştirak etməklə fəxr etdiyini bildirib. Qeyd edib ki, bu layihənin əsas məqsədi Azərbaycanın tarixi və mədəni irsini təşviq etmək, Azərbaycan reallığını tanıtmaqdır. Kitabların Azərbaycanın bütün regionlarını ayrı-ayrılıqda geniş formatda təqdim etməsi oxucuya ölkəmizi daha yaxından tanımağa imkan verir. “Paşa Holdinq” Qarabağ torpaqları işğaldan azad edildikdən sonra işğal dövründə mənfur düşmənin torpaqlarımızı nə hala saldığını göstərmək üçün nəşrləri dəstəkləyib və yeni kitabların nəşrini dəstəkləməkdə davam edəcək.
Tədbir bədii hissə ilə davam edib. (AZƏRTAC)