Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə gerçəkləşən Forumda ölkəmizdən və ICESCO-dan rəsmilər, quruma üzv bir sıra respublikalardan nümayəndələr, mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin aktual mövzuya həsr olunduğunu deyib. O bildirib ki, Forum “Şuşa - 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının mühüm tərkib hissəsidir.
"Təəssüf ki, biz silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkəyik. Mədəni obyektlərin dağıdılması, talan edilməsi və təhqir olunması bizi təkcə keçmişimizdən məhrum etmir, həm də kollektiv yaddaşımızın təməlini sarsıdır", - deyə diqqətə çatdırıb.
Qeyd olunub ki, Forumda ICESCO-ya üzv dövlətlərin siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri, alimləri ilə birlikdə silahlı münaqişələr zamanı və ondan sonra İslam dünyasında mədəni irsin qorunması və canlandırılması problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimiz tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.
O qeyd edib ki, Ağdam, Füzuli və Xocavənd ərazilərin işğaldan azad edildikdən sonra bir sıra mədəni irs obyektlərinin vandalizmə məruz qaldığı aşkar olunub. O diqqətə çatdırıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu mədəni və tarixi abidələrin bərpası və dirçəldilməsi prosesi davam etdirilir.
"Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir. Ağdam rayonunda bu təmizlənmə təxminən 50 faiz, Füzuli rayonunda 60 faiz təşkil edir. Xocavənddə isə ərazinin yalnız kiçik bir hissəsi minalardan təmizlənib. Ancaq təmizlənmə mərhələsi tarixi və mədəni obyektlərimizin yerləşdiyi Xocavəndə də gəlib çatacaq", - deyə o vurğulayıb.
ICESCO Bakı Regional Ofisinin direktoru Abdulhakeem Fahad Alsenan Şuşada keçirilən bu Forumun İslam mədəniyyətini gücləndirən, sülhü, yaradıcılığı və inkişafı dəstəkləyən yeni layihələrin başlanması baxımından olduqca dəyərli bir fürsət olduğunu deyib.
“ICESCO olaraq biz də mədəniyyəti təşviq edən və insanları bir araya gətirən səyləri dəstəkləməyə davam edəcəyik. Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm”, - deyə ICESCO Regional Ofisinin direktoru qeyd edib.
ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro ICESCO-nun bərpa proqramları barədə məlumat verib: "Bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir. Bəzi ölkələrdə, məsələn, Liviyada bu cür iştirak yetərli olmayıb. Yerli icmaları prosesə cəlb etmək və onların fikirlərini dinləmək çox əhəmiyyətlidir. Çünki yerli icmalar öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər".
Çıxışlardan sonra Forum işini panel iclaslarla davam etdirib.
Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluq etdiyi l panel “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam dünyasında mədəni irsin nümunələri” mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında Şuşa şəhərində və işğaldan azad edilmiş digər ərazilərdə tarixi-mədəni irsin vəziyyəti haqqında məlumat verib. Deyib ki, otuzillik işğal zamanı Ermənistan tərəfindən tarixi-mədəni irsimiz dağıdılıb talan edilməklə yanaşı, abidələr üzərində məqsədli saxtalaşdırma aparılıb.
S.Hacıyeva həmin ərazilərdə nisbətən salamat qalmış abidələrin bərpa və konservasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov qala-şəhərin tarixi-mədəni zənginlikləri barədə məlumat verib. Qoruq ərazisindəki abidələrin, o cümlədən İslam irsinin bərpa və konservasiyası sahəsində görülən işlərdən söz açıb.
Daha sonra Forum “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma” mövzusunda ikinci panel sessiya ilə davam edib.
Panel çərçivəsində çıxış edənlər bildiriblər ki, münaqişə və təbii fəlakətlər nəticəsində zərər görmüş mədəni irs abidələrinin qorunması və bərpasında müasir texnologiyaların tətbiqi mühüm rol oynayır.
Qeyd olunub ki, rəqəmsallaşma prosesi təkcə irsin sənədləşdirilməsi və arxivləşdirilməsi baxımından deyil, eyni zamanda onun geniş ictimaiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir.
Panel iştirakçıları mədəni irsin qorunması sahəsində innovativ yanaşmaların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, 3D modelləşdirmə, virtual reallıq, süni intellekt və digər müasir texnologiyalar bu sahədə effektiv nəticələrin əldə olunmasına imkan yaradır. Bu texnologiyalar sayəsində mədəni irs obyektlərinin bərpası, tanıdılması və gələcək risklərdən qorunması daha sistemli şəkildə həyata keçirilə bilər.
Panel sessiya iştirakçıları belə forumların təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Qeyd edək ki, Forumun məqsədi İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın genişləndirilməsi, İslam irsinin qorunması və təbliğinə töhfə vermək üçün mexanizmlərin hazırlanması, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərdə Ermənistanın işğal dövründə vandalizmə məruz qalmış tarixi-mədəni irsin bərpası istiqamətində görülən işləri diqqətə çatdırmaqdır. (AZƏRTAC)