21.05.2024, 13:26
AZ EN
16.07.2022, 11:35 160

Nuranə Nur: "Qayıdışımızla Şuşaya yeni nəfəs, yeni can vermişik"

XƏBƏRLƏR
  • Şuşa bizim yaralı yerimiz idi. Otuz ilə yaxın qanayan yaramızı cəngavər oğullarımız Zəfər qazanmaqla sağaltdılar. Şuşaya ayaq basanda, relyefini görəndə onun azad edilməsi uğrunda necə mübarizə aparıldığını bir anlıq təsəvvüründə canlandıra bilirsən. Bildiyimiz kimi, Şuşa dünyanı heyrətə salan bir hərbi əməliyyatla xilas edildi. Qəhrəman oğullar Vətən müharibəsində göstərdikləri şücaətlə hər birimizin ürəyini dağa döndərdilər. Mən özüm də Vətən müharibəsi iştirakçısının anasıyam. Övladımı məhz 44 gün ərzində kəşf etdim. O günlərdə təlaş da, həyəcan da, həsrət də var idi, lakin bir ana kimi övladımın arxasında dayanıb ona güc-qüvvət verirdim. Zəfər savaşında öz imzasını atan bir övladım olduğu üçün qürurluyam.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Nuranə Nur belə deyib.

"Ölkə başçısı Şuşanın azad edildiyini elan edəndə, "Əziz Şuşa, sən azadsan!", "Əziz Şuşa, biz qayıtmışıq!", "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" deyəndə elə bir azərbaycanlı, Azərbaycan vətəndaşı olmadı ki, göz yaşlarına boğulmasın. Çox şükür ki, Şuşa dirçəliş dövrünü yaşayır. Qayıdışımızla Şuşaya yeni nəfəs, yeni can vermişik. Geri dönüşümüzü müxtəlif tədbir və festivallarla qeyd edirik. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günləri keçirilir. Belə tədbirlərin Şuşanın mədəniyyət paytaxtı olduğunu daha qabarıq əks etdirməsində rolu böyükdür. Şuşamızda bundan da möhtəşəm və genişmiqyaslı tədbirlərin keçiriləcəyinə inanırıq", - deyə N.Nur qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər