20.06.2025, 16:25
AZ EN
20.11.2023, 10:29 439

Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün xalq mahnılarının və muğamların gözəl ifaçısı, Xalq artisti Qədir Çəkəz oğlu Rüstəmovun doğum günüdür.

O, 1935-ci il noyabrın 20-də Ağdam rayonunda anadan olub. Orta məktəbi Ağdam rayonunun Güllücə kəndindəki orta məktəbdə alıb. Əvvəlcə Dövlət Musiqi Məktəbində ustad xanəndə Hacıbaba Hüseynovdan dərs alan Qədir, daha sonra Üzeyir Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnib.

Gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb.

Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıbr. Sənətkarın son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnıları dillər əzbərinə çevrilib.

Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirib. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil edilib. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırıb.

Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.

Milli musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Qədir Rüstəmov 2011-ci il dekabr ayının 14-də, ömrünün 77-ci ilində vəfat

edib. Ruhu şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər