“Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb. "İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Kür sahillərində (1953), “Bizim Astarada” (1956), "Telefonçu qız" (1960), povestləri, “Cəbhədən-cəbhəyə” (1961), "İllər keçir” (1973, İ.Qasımovla birgə), "Tərsanə” (1975), "Çiçək” (1978) romanları, "Dəniz cəsurları sevir" (1954 , "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunub. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.
Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.
Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazıb. O, Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırıb. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.
Ömrünün son vaxtlarında H.Seyidbəyli ssenarisini özünün yazdığı “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Bu mövzu rejissorun cəmiyyətə, dünyaya vermək istədiyi əsl mesajı idi.
Unudulmaz sənətkar 1980-ci il iyunun 25-də vəfat edib.
Hazırladı: Mina RƏŞİD