22.11.2024, 09:03
AZ EN
13.07.2023, 16:51 282

Xalq rəssamı Vidadi Nərimanbəyovun doğum günüdür

XƏBƏRLƏR
  • Vidadi Fərman oğlu Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Sonra o dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdi. V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı.

V. Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazandı. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir etmişdi.

Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.

1977-ci ilin payızında V.Səmədova adına sərgi salonunda rəssamın fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. Səhəri gün qəzetlərdə Vidadi Nərimanbəyovun əməkdar rəssam fəxri adına layiq görülməsi barədə məlumat dərc olundu.

V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. "Xatirələr" əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir... Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

Xalq rəssamı Vidadi Nərimanbəyov 2001-ci ildə Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR