10.03.2025, 13:37
AZ EN
29.04.2023, 08:10 274

Bu gün Beynəlxalq Rəqs Günüdür

XƏBƏRLƏR
  • Beynəlxalq Rəqs Günü əlamətdar olaraq 1982-ci il aprelin 29-da UNESCO-nun Beynəlxalq Rəqs Şurasının (International Dance Council, CID) təşəbbüsü ilə rəqsin bütün növ və üslublarını əhatə etməklə qeyd olunmağa başlayıb. Həmin tarixin “Beynəlxalq Rəqs Günü” kimi keçirilməsi müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin islahatçısı və nəzəriyyəçisi Jan Jorj Noverrin (Jean-Georges Noverre) doğum günü ilə bağlıdır.

Bu tarix ölkəmizdə də əlamətdar gün kimi qeyd olunur. Azərbaycan rəqsləri qədim və zəngin tarixə malikdir. Belə ki, hələ eramızdan 2-3 min il əvvəl, Tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən əvvəl rəqs tamaşaçıların alqışlamaları nəticəsində əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini folklorumuzun bir qolu olan xalq rəqslərindən götürüb.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə - “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.

Qeyd edək ki, bütün dünya xalqlarını öz gözəlliyi ilə heyrətə gətirən rəqslərimiz bu gün də qocaman sənətkarların yetirmələri tərəfindən inkişaf etdirilir, beynəlxalq layihələrdə uğurla nümayiş olunur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər