IV Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin əhəmiyyətini vurğulayıb və belə festivalların xalqların adət-ənənələrinə bağlılığı və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu deyib.
Rəsmi hissədən sonra açılış mərasiminin bədii hissəsində Azərbaycandan olan kollektivlər və solistlərin çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, ümumilikdə 102 ölkənin təmsil olunduğu IV Dünya Köçəri Oyunlarında 14-ü ənənəvi oyun və 30-dək performans-göstəri olmaqla 40-dan çox kateqoriyada çıxışlar olub. Ölkəmiz yarışlarda kəmər güləşi, pəhləvan güləşi, yağlı güləş, milli oxatma – ümumilikdə 12 növdə təmsil olunub.
İznikdə yarışların keçirildiyi idman kəndində mədəniyyət çadırları da fəaliyyət göstərib, iştirakçı ölkələrin əl sənətkarlığı, mətbəx mədəniyyəti və s. nümayiş olunub. TÜRKSOY-un çadırında Azərbaycandan xalçaçı Nazilə Əbilova və dəri üzrə rəngkar Pərvanə Eyyubova da nəfis əl işlərini təqdim ediblər.
Bundan əlavə, Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən qurulan çadırda tarixi irs və mədəniyyət nümunələrimiz təbliğ edilib. Çadırda qurulan fotosərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işləri əks olunub.
IV Dünya Köçəri Oyunlarının bağlanış mərasimində çıxış edən Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu “Oyunların qazananı qardaşlıq, sevgi, sayğı, birlik və bərabərlikdir” deyib.
Tədbirin təşkilatçılarından olan Dünya Etnospor Konfederasiyası başqanı Bilal Ərdoğan növbəti, V Dünya Köçəri Oyunlarının 2024-cü ildə Qazaxıstanda keçiriləcəyini bildirib.
Mina RƏŞİD