21.09.2024, 21:51
AZ EN
11.04.2023, 09:49 364

Ot kökü üstə bitər

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsində qəhrəmanlıqla şəhadətə ucalan igid əsgər  Rövşən Orxan oğlu Rüstəmovun doğum günüdür. O, 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. Onu da qeyd edək ki, Rövşən 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan general-mayor Tərlan Əliyarbəyovun nəticəsidir.

Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun mərd əsgəri Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Onu da bildirək ki, Rövşən idman məşqlərində ayağından aldığı zədəyə baxmayaraq Vətənin dar günündə onun səsinə səs verən oğullardandı. O, Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Döyüşlərdə həmişə öndə olan Rövşən Rüstəmov oktyabrın 6-da Vətən uğrunda qəhrəmanlıqla şəhid olub.
Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə  " Vətən uğrunda" və “Laçnın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Bu gün doğmaları onun haqqında qürurla danışır və onun necə bir oğul, necə insan olduğundan ürəkdolusu söz açırlar. Anası Rövşən hələ hərbi xidmətdə olanda onlara ünvanlanan təşəkkür məktubunu xatırlayır.  

"Hörmətli Rüstəmovlar ailəsi! Övladınız Rövşən əsgəri xidməti bizim hərbi hissədə keçirir. Əsgər Rüstəmov Rövşən özünü qısa müddətdə nizam-intizamlı, bacarıqlı Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş döyüş texnikasını və silahı mükəmməl öyrənib və azğın düşmənin məhvi üçün onun imkanlarından məharətlə istifadə etməyə hazırdır.

Rövşən hərbi işə vicdanla yanaşır və qayğıkeşliyi ilə yoldaşlarının və hərbi hissə komandanlığının dərin hörmətini qazanıb. Vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olan Rövşən kimi oğul tərbiyə edib böyütdüyünüzə görə, sizə təşəkkür edirik”.

Bu qürurverici cümlələr şəhid Rövşən Rüstəmov hərbi xidmətdə olduğu dövrdə (2017-ci il) hərbi hissə komandiri, polkovnik-leytenant Fuad Ələkbərovun onun ailəsinə ünvanladığı təşəkkürnamədən bir hissədir.

Bəli, o, nümunəvi əsgərlərdən olub, hərbi xidməti başa vurub evlərinə dönüb. İşğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlər başlayanda da, öndə gedənlərdən olub.

Anası Reyhan Rüstəmova deyir ki, indiyə qədər Rövşənlə bağlı ona şikayət edən olmayıb, əksinə, hər zaman xoş sədası gəlib çatıb: "İstədiyim kimi oğul böyütmüşdük. İki qardaş olublar, amma bir-birlərinin əksi idilər. Rövşən heç vaxt bir sözümü iki etməyib. Nə desəm, "baş üstə” deyirdi. Mələk kimi idi. Ağlı kəsəndən kiminsə başqasının arxasınca danışdığını görürdüsə, ordan uzaqlaşırdı. Belə şeyləri sevmirdi. Hara gedirdisə, harda olurdusa, ancaq xoş sözlər eşidirdim”.

Anası deyir ki, Rövşən hələ məktəbdə oxuduğu vaxt atası rəhmətə gedib, həmin vaxtdan oğlu evə qazanc gətirmək üçün çalışıb: "Yoldaşım 5 il bundan əvvəl qəfil ürəktutmasından rəhmətə gedib. O vaxt Rövşən 10-cu sinifdə oxuyurdu. Maddi cəhətdən ailəni idarə etmək asan deyildi. Mən aşpaz işləyirdim, məclislərdə yemək bişirirdim. Amma ailəni dolandırmaq üçün kifayət etmirdi. Gecə-gündüz çalışırdım ki, uşaqlarım nədənsə korluq çəkməsinlər. Rövşən məktəbli olsa da, dərsdən sonra ofisiant işləyirdi, mənə dəstək olurdu. Sonra hərbi xidmətə getdi. Qayıdan günün səhəri işləməyə başladı, dedi ki, bu vaxta qədər çox əziyyət çəkmisən, bundan sonra səni işləməyə qoymayacağam. Evin qayğılarını özü çəkməyə başladı. Çox zəhmətkeş idi. Kiçik qardaş olsa da, bütün qayğıları üzərinə götürürdü. 22 yaşı var idi, amma özünü 50 yaşında kişi kimi aparırdı. Sanki bizə atalıq edirdi. Çox qayğıkeş və mehriban uşaq idi”.

Anası onu da əlavə etdi ki, Rövşən ayağındakı zədəyə görə istəsə müharibədən qala da bilərdi. Amma o, “Mən getməyim, o getməsin, bu getməsin, bəs bu vətəni kim qoruyacaq?” – deyib. 

Rövşən anasını çox sevirmiş. O, narahat olmasın deyə, evə zəng edəndə arxada olduğunu deyirmiş. Amma bütün qohumları bilirdi ki, Rövşən ön cəbhədə vuruşur...    

Rövşənin gözaltısı vardı, ev tikmək, maşın almaq, sonra isə ailə qurmaq istəyirmiş. Amma o, bu gənc yaşında bütün arzularını tarix yazaraq Vətənə bağışladı.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Rövşən balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər