19.09.2024, 16:43
AZ EN
06.04.2023, 18:55 193

Türkiyə və yerli media nümayəndələri minalardan təmizləmə prosesini izləyiblər

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə və yerli media nümayəndələrinin bir qrupu üçün növbəti media-tur təşkil edilib.

Səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.

Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29 min hektaradək ərazi təmizlənib. Erməni hərbçiləri tərəfindən basdırılmış 23 min 230 mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının nümayəndəsi Vüqar Əzizov AZƏRTAC-a müsahibəsində deyib ki, hazırda minalardan və partlamamış döyüş sursatlarından təmizlənən ərazilər əkin sahələri üçün nəzərdə tutulub. Hazırda ərazilərdə mina aşkarlanmayıb. Bundan sonra bu ərazilərdə qazanılan təcrübələr əsasında Füzuli, Zəngilan və Qubadlı rayonlarının ərazilərində birgə minatəmizləmə fəaliyyətlərinin icra olunması planlaşdırılır.

ANAMA-nın nümayəndəsi Niyaməddin Hüseynov isə qeyd edib ki, Cəbrayıl rayonundan başlanan minatəmizləmə prosesi 75 hektar ərazini əhatə edir. “İlk olaraq Mühəndis Qoşunlarının tərkibində olan Türkiyədən gətirilən MEMATT texnikası ərazini yoxlayır, müxtəlif yerlərdən çarpaz xətlər açılır və əgər həmin yerdə mina varsa müəyyən edilir. Ancaq bu proses başa çatdıqdan sonra da ərazi minalardan təmizlənən, təhlükəsiz ərazi hesab edilmir. Sonrakı beş gün müddətində ANAMA-nın xüsusi minaaxtaran itləri və əl ilə ərazi yenidən yoxlanılır. Əgər mina aşkarlanmazsa, yalnız bundan sonra ərazi minalardan tam təmizlənmiş və təhlükəsiz hesab olunur”, - deyə N.Hüseynov vurğulayıb.

Qeyd edək ki, media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib. Jurnalistlər hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR