Belə ki, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Sözün Bəxtiyarı” adlı dəyirmi masa təşkil olunub. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masanın fəxri qonağı, şair, publisist, ədəbiyyatşünas, Əməkdar jurnalist Rafiq Oday tədbir iştirakçılarına Bəxtiyar Vahabzadənin ədəbi irsi və şəxsiyyəti haqqında geniş mühazirə təqdim edib. O, şairin milli ruhda yazdığı əsərlərin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən bəhs edib.
Tədbirdə Mahmudlu kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Xatirə müəllimə də çıxış edərək Bəxtiyar Vahabzadənin əsərlərinin gənc nəsillərə təsirindən danışıb. Daha sonra məktəbin şagirdləri şairin şeirlərini səsləndiriblər.
Belə tədbirlər Bəxtiyar Vahabzadənin irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tahirə AĞAMİRZƏ