Güləxanım İsmayılova danışır ki, doğma yurd yerlərimizi tərk edəndə evlərimizdən heç nə götürə bilmədik, ayağı yalın, başı açıq çıxdıq. Hərə bir yana dağıdı. Ermənilər bizi dədə-baba yurdlarımızdan qaçqın saldılar. Evdən çıxanda bircə kəlağayımı götürə bildim, daha heç nə, evlərimiz qurulu qaldı.
1988-ci ilin deportasiyasından əvvəlki illərini xatırlayan Gülə İsmayılova bildirir ki, o vaxt biz ailəliklə Ağstafanın Pirili kəndinə pənah gətirdik, burda binə qurduq özümüzə. Əvvəllər heç cür alışa bilmirdik, çox ağır gəlirdi bizə doğma yurddan uzaqda yaşamaq. Bu günə qədər də o yurd yerlərimizin xəyalı ilə yaşayırıq.
Bir vaxtlar Körpülü kəndində milis əməkdaşı işləyən Ramiz Mustafayev deyir ki, evimiz də, əşyalarımız da, əmlak da hamısı orda qaldı, heç nə çıxara bilmədik, tək biz deyil, Qərbi Azərbayandan olanların hamısı. Ermənilər evlərimizi taladılar, od vurub yandırdılar.
Telman İsmayılov danışır ki, evin küncündə bir çamadan vardı, tez durdum ayağa ki, onu götürüm, anam dedi ki, tulla yerə çıxaq, amma mən tullamadım. Çünki çamadanın içində şəkillərimiz, xatirələrimiz vardı. İndi öz-özümə deyirəm ki, nə yaxşı götürmüşəm. Doğma yurd yerlərimizi unutmamaq üçün açıb şəkilləri çıxarıb baxırıq. Uşaqlıq çağlarımızın, məktəb illərimizin şirin xatirələri var bu şəkillərdə. Bu çamadan doğma yurddan bizə qalan tək nişanədir.
Qeyd edək ki, deportasiyaya kimi Yuxarı Körpülüdə ancaq Azərbaycanlılar yaşayıb. İncə suyun şimal qərbində vadidə yerləşən kəndi ermənilər üç dəfə yandırıblar, əhalisini isə dəfələrlə deportasiyaya məruz qoyublar. Haqq savaşındakı Zəfərimiz həm də digər yurd yerlərimiz kimi Körpülüyə qayıdışla bağlı ümidlərə körpü saldı. Bu inamı isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti yaradıb.
Tahirə AĞAMİRZƏ