23.12.2024, 06:19
AZ EN
26.06.2022, 08:00 338

Füzulidə Silahlı Qüvvələr Günü ərəfəsində bir qrup qaziyə təltif olunduğu medallar təqdim edilib

XƏBƏRLƏR
  • Füzuli rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə qazilərlə görüş keçirilib. Görüş Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Horadiz şəhərində təşkil olunub.

Görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və Füzuli rayonundan olan 400-ə yaxın qazi iştirak edib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiramını bildirib, önünə tər çiçəklər düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı qətiyyətli çıxışlarından, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşlərindən hazırlanmış videomaterial böyük maraqla izlənilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları və onların timsalında bütün Azərbaycan xalqını 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin tariximizə qəhrəmanlıq salnaməsi olaraq yazıldığını vurğulayan rayon rəhbəri həm də bu Zəfərin ordumuzun gücünün, dövlətimizin hərbi qüdrətinin əsl sübutu olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayan Alı Alıyev bu qəbildən olan insanlara xüsusi həssaslıqla yanaşmağın hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.

Daha sonra Vətən müharibəsində göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş bir qrup qaziyə medallar təqdim olunub.

Tədbirdə çıxış edən qazilər onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin gedişində Füzuli Dram Teatrının kollektivinin və rayonun mədəniyyət müəssisələrinin hazırladığı bədii-musiqili proqram nümayiş olunub, bayram əhval-ruhiyyəli şən musiqi nömrələri səsləndirilib. (AZƏRTAC)

Oxşar xəbərlər