20.06.2024, 23:31
AZ EN
22.03.2023, 19:40 196

İmdad Məhərrəmov: Doğma yurduma Qarabağ atı ilə qayıtmaq ən böyük arzumdur

XƏBƏRLƏR
  • Ağdam rayonunun Əliağalı kəndindən olan İmdad Məhərrəmov 30 ildir ki, Qarabağdan gətirdiyi atlarını qoruyub saxlayır. Onun məqsədi həmin atları yenidən Ağdama qaytarmaq və orada sayını artırmaqdır.

Məhərrəmovlar ailəsi əslən Ağdam rayonunun Əliağalı kəndindəndir. Onlar da 1993-cü ildə öz doğma yurdlarından məcburi köçkün düşüblər. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsi Məhərrəmovlar ailəsini də sevindirib. Çünki onlar da qısa müddətdə Ağdama qayıdacağı günü gözləyirlər. İmdad Məhərrəmov deyir ki, 1993-cü ildə Ağdamı məcburən tərk edərkən Qarabağın incisi olan atları da gətiriblər. O zaman 20 baş Qarabağ atı gətirmiş müsahibimiz bildirir ki, “biz o yerlərə qayıdacağımıza əmin idik, elə bu məqsədlə atları yadigar olaraq gətirdim. Elə həmin gündən bu at cinslərini qoruyub saxlamağı özümə borc bildim. Bir çox yaxınlar, dostlar üçün də hədiyyə etdim ki, atların nəsli artsın. Həmçinin təsərrüfatımızda həmin atların balalarından saxladım. İndiki atlar Qarabağdan gətirilən atların 15-ci nəslidir”.

İmdad Məhərrəmovun arzusu gerçəyə çevrilir. O deyir ki, məqsədi bu at cinsini yenidən Ağdama, Qarabağ torpaqlarına qaytarmaqdır. “Hazırda azad Ağdamımızda dövlətimiz tərəfindən geniş tikinti-quruculuq işləri görülür və biz yenidən abad, firavan Ağdamda yaşayacağıq. Elə bu atları da Qarabağ torpağında yenidən saxlayıb artıracağıq, - deyə İmdad Məhərrəmov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər