İşğaldan azad olunmuş Ağdam şəhərində təşkil olunan tədbir “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində Ağdam Konfrans Mərkəzində dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Reza Deqatinin Birinci Qarabağ Müharibəsi dövründə lentə aldığı Xocalı qurbanlarının başlarına gətirilmiş müsibəti əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Xocalı faciəsi bəşəriyyətdə törədilmiş ən dəhşətli terror aktıdır və bu, bizim yaddaşımızdan heç vaxt silinməyəcək:
“Bizim bunu unutmağa haqqımızda yoxdur. Biz bu dəhşətli faciədə, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan hər bir insana rəhmət diləyirik. Bu gün Azərbaycan Respublikasının Prezidentinin göstərişinə əsasən işğaldan azad olan torpaqlarımızda tikinti işləri ilə məşğuluq. Biz torpaqlarımıza yenidən həyat veririk. Ağdama qayıdacaq sakinlərimizin firəvan həyat sürməsi üçün əlimizdən gələni əsirgəmirik. Ölkə başçısının tapşırıqlarını zamanında təhvil vermək üçün çalışırıq. Bütün Qarabağ sakinlərini zamanında öz dədə-baba torpaqlarına köçürəcəyik. Burada iş yerləri yaradılacaq və yenidən Qarabağımız öz sakinlərinə qovuşacaq. Bu torpaqlarda sülh, əmin-amanlıq, davamlı inkişaf edən iqtisadiyyat yaradacağıq. Bir daha bütün şəhidlərə Allahdan rəhmət diləyirik.
Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov isə qeyd edib ki, bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən bir tədbirdir:
“Biz tədbiri simvolik olaraq Ağdamda, xeyli sayda gənclərlə keçiririk. 31-ci ilini qeyd etdiyimiz Xocalı faciəsi bilirsiniz ki, ölkəmiz və millətimiz üçün ağrılı faciədir. Ona görə də o faciəni gənclərin diqqətinə çatdırmaq və Ağdamda aparılan yenidənqurma işlərini onlara göstərmək məqsədi ilə tədbir burada keçirilir”.
Tədbirin rəsmi açılışı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, bu faciə günahsız Azərbaycan vətəndaşlarının vəhşicəsinə qətl edilməsi, öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. O, həmçinin vurğulayıb ki, bu gün Ali Baş Komandanının rəhbərliyi altında yumruq kimi birləşən xalqımız, Şücaətli Ordumuz düşməndən qisasını alıb, bəşəri ədaləti bərpa edib. “Tarixi torpaqlarımızı - doğma Qarabağı yenidən qurub yaradırıq. Burada həyat yenidən qaynayacaq, qarabağlılar öz doğma yuvalarında firəvan həyat sürəcəklər”- deyən Bəşir Hacıyev Xocalı qurbanlarına Allahdan rəhmət diləyib.
Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov deyib ki, qalib, güclü dövlətimiz daim öz gənclərinin yanındadır. O gənclər ki, Qarabağın yenidən qurulmasında və bərpasında yaxından iştirak edəcək, qüdrətli Azərbaycanın qanlı tarixini unutmadan, işıqlı gələcəyimizə yol açacaqlar.
Daha sonra Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Xocalı nişanəsi” qısametrajlı filminin nümayişi baş tutub.
Tədbir zamanı soyqırımı şahidi Vərziyar Əliyeva 31 il öncə dinc əhalinin üzləşdiyi amansız vəhşilikdən bəhs edərək, yerlə-yeksan edilmiş Xocalını xalqımızın qəlbində yaşayan ən böyük kədər adlandırıb.
Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin hazırladığı bədii kompozisiyanın ifası insanlıq tarixinə amansız soyqırımı kimi düşən dəhşətli faciənin heç vaxt unudulmayacaq ağrı-acısını sənətin, musiqinin dili ilə bir daha ictimaiyyətin gözü önünə gətirib.
Xocalı faciəsini, insanlığa sığmayan barbarlığın törədildiyi qanlı gecəni bir daha xatırlayan soyqırımı şahidi Dürdanə Ağayeva xalqımızın tarixi ədalətə olan inamının heç vaxt tükənmədiyini, bu gün işğaldan azad edilmiş torpaqlarımızda qürurla addımlamağımızın da bunun sübutu olduğunu deyib.
Ardınca Bəxtiyar Xanızadənin quruluş verdiyi “Xocalı bu olub” tamaşası nümayiş olunub.
Sonda Xocalı soyqırımının canlı şahidləri, Qarabağ ziyalıları, dövlət rəsmiləri, əcnəbi diplomatlar, eləcə də incəsənət nümayəndələri Ağdam Şəhidlər Xiyabanına yürüş edərək məzarlığı ziyarət edib, əklillər və qərənfillər qoyublar. (APA)