Elvin Məhəmməd oğlu Mamedov Kəlbəcəri görməsə də qəlbində o gözəl yurd yerinin həsrətini yaşadıb . O, 04 yanvar 1996-cı ildə Bərdə rayonunun Qaratəpə kəndində anadan olmuşdur. Sonra Sumqayıt şəhərində məskunlaşmışlar. Elvin burada 15 saylı tam orta məktəbdə oxumuş, 2013-cü ildə orta məktəbi bitirmişdir, orta təhsillidir. Həqiqi hərbi xidmətə çağırılmış E.Mamedov Quru Qoşunlarında hərbi qulluğa başlayır. Burada hərbi sirləri dərin maraqla öyrənir, düşünür ki, torpaqlarımızın azad olunması məhz güclü ordudan asılıdır. Ona görə də xüsusi təlim keçmiş, gizir kimi həlledici qələbəyə hazır olur. Gözlənilən an gəldi. Düşmən növbəti təxriba əl atdı. Müzəffər Ali Baş Komandanimiz cənab İ.Əliyevin əmri ilə Şanlı Ordumuz əks-həmlə əməliyyatına başladı. Bu döyüşdə gizir Elvin də qəhrəmanlıqla vuruşur. O, Cəbrayıl, Xocavənd, Qubadlı, Kəlbəcər uğrunda gedən döyüşlərdə döyüş dostları ilə birlikdə əsl igidlik göstərərək, düşmənə sarsıdıcı zərbələr vururdu. Qubadlı uğrunda gedən döyüşlərdən birində, 6 oktyabr 2020-ci ildə yaralanır. Göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunması görə", "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. O, 3-cü qrup əlildir. Ailəlidir, bir övladı var. Əlil olmasına baxmayaraq, özünü xoşbəxt sayır, çünki belə müqəddəs müharibədə iştirak etmək onun həyat amalı idi.
İsa Musayev