01.08.2025, 21:40
AZ EN
23.02.2023, 16:30 433

Bəsitçay Dövlət Təbiət Qoruğu

XƏBƏRLƏR
  • Azərbaycan dünyada özünəməxsus, nadir təbiət inciləri ilə də, tanınır. Belə gözəl nümunələrdən biri Zəngilan rayonundakı Bəsitçay Dövlət Qoruğudur. Qoruğun unikallığı ondan ibarətdir ki, şərq çinarının təbii mühitdə yayıldığı yeganə ərazidir. Avropada yeganə ərazi olduğundan ölkəmiz üçün çox qiymətlidir. Təssüflə qeyd edək ki, bu təbiət incisi də, digər ərazilərimiz kimi 30 ilə yaxın düşmən əsarətində qalmışdı. Qoruğun müvcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Yaşlı qiymətli Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və Qoruğun inzibati binası dağıdılıb.

Bu gün işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Bəsitçay Dövlət Təbiət Qoruğu da, yenidən canlanmağa başlayır.  

Qeyd edək ki, Bəsitçay Dövlət Təbiət Qoruğu akademik Həsən Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayon ərazisində yaradılıb.

1980-ci ilin oktyabrında qoruğun sahəsi 10 ha azalaraq 107 ha təşkil edib. Bunun 100 ha-nı meşə, qalan 7 ha-nı Bəsitçay vadisinin daşlı və qumlu sahələri tutur.

Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.
Bəsitçay qoruqlarımızın ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac növü Şərq çinarıdır. Burada əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşıb. 
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf edib. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü -şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın «Qırmızı Kitabı»na yazılıb.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinirdi.  
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər