24.12.2024, 16:14
AZ EN
18.07.2023, 17:03 282

Bu gün ANAMA əməkdaşlarının peşə bayramı qeyd olunur

XƏBƏRLƏR
  • Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaradılıb. 2021-ci ildə isə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına qərar verilib.

44 günlük Vətən müharibəsindən sonra ANAMA işğaldan azad olunmuş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsi kimi çox məsuliyyətli, bir o qədər də təhlükəli missiyanın icrasına başlayıb. Agentlik hazırda işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirir.

"Böyük Qayıdış"ın təmin olunmasında misilsiz xidmətləri olan ANAMA əməkdaşları hər addım başı təhlükə ilə üzləşir, buna rəğmən keçmiş köçkünlərin öz doğma yurdlarına qayıdış yolunun açılması istiqamətində böyük səy nümayiş etdirir.

Milli Məclisin deputatı Arzu Nağıyev "Modern.az"-a açıqlamasında bildirib ki, ANAMA işçiləri “Böyük Qayıdış”ı təmin edən əsas fiqurlardır:

"Peşə bayramı münasibəti ilə ANAMA-nın rəhbərliyini və əməkdaşlarını təbrik edirəm. Onlar çox böyük işlər görürlər. Elə yarandığı ilk gündən müqəddəs işlə məşğuldurlar. İşğal altında olan ərazilərimizdə ermənilərin törətdiyi vandalizm və minaların basdırılması insan üçün ən böyük təhlükədir. Bunun qarşısını almaq, torpaqlarımızı minalardan təmizləmək müqəddəs iş kimi qəbul edilməlidir. Çünki ANAMA işçiləri "Böyük Qayıdış"ı təmin edən ən əsas fiqurlardır", - deyə millət vəkili qeyd edib.

A.Nağıyevin sözlərinə görə, ANAMA işçiləri qısa zaman kəsiyində yaşayış məskənlərinə köçün başlamasında böyük rol oynayıb:

“Bu gün məlum məsələdir ki, minalardan təmizlənmə nə qədər sürətlə getsə, qayıdış proqramlarımız da bir o qədər tez həyata keçər. ANAMA müasir texnologi-yalardan istifadə edir və savadlı kadrlar yetişdirir. Ən mühüm məsələlərdən biri texnologiyalardan istifadə edərək, gələcək üçün uğurlu addımlar atılır. Minatəmizlənmə prosesi itkisiz keçmir. ANAMA əməkdaşları arasında mina təmizləyərkən şəhid olanlar da var, həmçinin, yaralananlar da olub. Həyatını itirənlərə rəhmət, yaralananlara isə dinc həyata qayıtmağı arzu edirəm. Onlar böyük işlər görürlər. Hətta deyərdim ki, qısa zamanda bir sıra məntəqələrə köçün başlanması təmin olunub. ANAMA bu işdə böyük rola malikdir. Düşünürəm ki, onlar müqəddəs işi sonadək uğurla yerinə yetirəcəklər”, - deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər