Uzun illərdən sonra doğma şəhərinə qayıdan Nigar İbrahimova bildirib ki, Şuşa şəhərində dünyaya göz açıb. Ömrünün ən xoş günləri bu şəhərdə keçib: “Şuşada doğulmuşam, Şuşada böyümüşəm. Gəncliyim burada keçib. Allaha şükürlər olsun ki, 30 ildən sonra Şuşaya gələ bildik. Bunun üçün Ali Baş Komandana, şəhidlərə, qazilərə minnətdarıq. Bu gün o qədər həyəcanlıyam ki... Mən buradan çıxanda gənc idim. İndi 60 yaşıma qədəm qoymuşam. Şuşanın torpağını öpdüm, havasını uddum. Çox sevincliyəm, həm də həyəcanlıyam. Neçə gün idi, həsrətlə gözləyirdim ki, gəlib Şuşamızı görəcəyəm. Ailəmlə, övladlarımla gəlmişəm Şuşaya. Bura bizim üçün Kəbədir, ziyarətdir. Allah xalqımızı qorusun, Prezidentimizi qorusun, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”. (AZƏRTAC)