22.09.2024, 05:38
AZ EN
13.02.2023, 10:33 370

Mənimlə həmişə fəxr edəcəksiniz!

XƏBƏRLƏR
  • Bu gün şəhid, qəhrəman əsgər Rəhman Natiq oğlu Məmmədovun  doğum günüdür. 1997-ci il fevralın 13-də Sumqayıt şəhərində anadan olan Rəhman Məmmədov orta təhsilini 13 nömrəli tam orta məktəbdə alıb. Uşaq vaxtlarından futbola həvəsi olub, “Sumqayıt” klubunun yeniyetmələrdən ibarət komandasında oynayıb. Sonra bir müddət Qəbələdə idmanla bağlı bacarıqlarını artırıb. Rəhman Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı könüllü ordu sıralarına yazılıb. Döyüş yolu müharibənin əvvəlindən sonuna, Şuşaya – Zəfər günümüzə qədər gedib çıxıb. O, rayon və kəndlərimizin azadlığı uğrunda gedən qanlı savaşlarada şücaətlər göstərib. 2020-ci il noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə  qəhrəmanlıqla şəhadətə ucalıb.

Şəhidimiz doğma Sumqayıt şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Anası Səadət xanım deyir ki, sonra qonşulardan öyrənib orduya könüllü yazıldığını. Qonşulara deyib ki, məndən çox xəbərlər eşidəcəksiniz hələ. Elə oldu ki, sentyabrın 21-i səfərbərlik günü çağırdılar. Cəbrayılda, Füzulidə, Zəngilanda, Şuşada – bütün döyüşlərdə olub... Rəhman evin kiçiyi olsa da, hər yerdə özünə hörmət qazanmağı bacaran övlad idi. Həmişə deyərdi ki, "Siz mənimlə həmişə fəxr edəcəksiniz”. Səadət xanım o vaxt bu sözlərin mənasını anlamasa da, oğlunun nəyi nəzərdə tutduğunu indi çox yaxşı başa düşür: “Oğlum aprelin 12-də ağır əməliyyat keçirdi. Mədə əməliyyatı idi. Mən hiss eləmişdinm ki,  müharibə başlayacaq. Ölümdən qurtardı əməliyyatda. Hərdən deyirdim ki, Rəhman, ana qurban, müharibə başlayacaq da, belə deyirlər. Deyirdi ki, başlasın da, mən onsuz da gedəcəm. Çox vətənpərvər, çox mərd uşaq idi. Dostları üçün ölümə gedərdi”.

Anası onu da deyir ki, Rəhman şəhid olduğu günə qədər onlarla telefon əlaqəsi saxlayıb. 44 günlük müharibədə qanıyla, canıyla son gününə qədər döyüşüb oğlum.

Rəhman minomyotçu idi. Deyirlər ki, 60-a yaxın erməni əsgərini məhv edib, düşmənə göz açmağa belə imkan vermirdi. Komandiri də Rəhmandan çox fəxrlə danışıb. Deyib ki, Rəhman əməliyyat olunmasına baxmayaraq, cəsarətlə ağır mərmiləri sinəsində daşıyırdı. Heç kimə imkan vermirdi. “Təsəvvür edin, ermənilərin səngərini nişan almışdıq. 10 dənə mərmini biz atacaqdıqsa, 8-ni Rəhman özü atdı və onlarla düşməni məhv etdi”.

Rəhman ailənin yeganə oğlu, ata-anasının ciyərparası idi. O, şəhadətə ucalanda cəmi 23 yaşı vardı. Amma Vətən, torpaq təəssübkeşliyi onu əbədiyyətə ucaltdı.

İndi Rəhmanın özünün də, dediyi kimi, biz həmişə onunla fəxr edəcəyik.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Rəhman balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər