"Vətən səsi" xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq 2023-cü ildən etibarən şəhid ailəsi üzvləri üçün yeni güzəştlər nəzərdə tutulub. Ötən ilin yanvarından şəhid ailəsi üzvlərinin gəlirlərinin vergidən azad edilən hissəsi 400 manatdan 800 manata qaldırılıb. Yəni, şəhidlərin övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur. Həmin güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilib. Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin (ərlərinin, arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Məcəlləyə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Həmçinin Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Elxan SALAHOV