Vətən müharibəsinin könüllü iştirakçısı olan Süleymanov Ruslan Fazil oğlu əslən Kəlbəcər şəhərindədir. Lakin işğalla əlaqədar Göygöl rayonunda məskunlaşıblar. Elə Ruslan da 1993-cü ildə burada anadan olub. 2001-ci ildə Kəlbəcər rayon 2 saylı tam orta məktəbin birinci sinfinə qəbul olunub və 2009-cu ildə 9 cu sinfi bitirərək Gəncə şəhər Humanitar Kollecinin Bədən tərbiyəsi və idman fakültəsinə daxil olub. 2011-ci ildə kolleci bitirən R.Süleymanov həqiqi hərbi xidmətə çağırılıb. O, dedi ki, mən Sülhməramlı hərbi hissədə qulluq edərək 2013-cü ildə tərxis olundum. Hərbi xidmətdən sonra Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında sürücü işləmişəm. Vətən müharibəsi başlayanda dostlarımla birlikdə Çağırış və Hərbi Səfərbərlik Xidmətinin Kəlbəcər rayon şöbəsinə ərizə ilə müraciət etdik. 2020-ci il sentyabrın 30-da Talış, Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Döyüş dostlarım Əsgərov Ramin, Mürsəlov Mamed, Mamedov Tural və başqaları ilə birlikdə şərəfli bir yol keçdik. Oktyabr ayının 17-də yaralandım, məni xəstəxanaya göndərdilər. Orada Həkim Ekspert Komissiyasının qərarı ilə 5 noyabr tarixində tərxis olundum. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ruslan "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
İsa MUSAYEV