20.09.2024, 09:52
AZ EN
03.02.2023, 11:00 299

Oğlumu unutmayın!

XƏBƏRLƏR
  • Anası oğlu Rövşənlə söhbət edirdi. Onda hələ müharibədən səs-soraq yox idi. Qarabağdan, işğal altında qalan torpaqlardan söz düşəndə Rövşən deyirdi ki, mən hamıdan əvvəl gedəcəm. Vətən Müharibəsi başlayanda Rövşən vədinə sadiq qaldı. Gedəndə anasını qucaqlayıb və deyib ki, heç nə olmaz, sağ-salamat qayıdacam. Torpaqlarımızı düşməndən alıb gələcəyik...  

Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid Əliyev Rövşən İsrafil oğlunun doğum günüdür. O, 1999-cu il fevralın 3-də də Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açıb. 2005-ci ildə Düyərli kəndi 1 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul edilib. Məktəb illərində sərbəst güləşlə də məşğul olub və uğurlar qazanaraq fəxri-fərmanlara layiq görülüb. 2016-ci ildə məktəbi bitirib və 2017-ci ildə hərbi xidmətə yollanıb. O, Naxçıvanda, Ordubad rayonunda Vətənə xidmət edib. 2018-ci ildə hərbi xidmətini başa vurub doğulduğu  kəndə qayıdıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda Rövşən də torpaqlarımız uğrunda Zəfər yürüşünə yollanıb. O, Füzuli, Hadrut, Qubadlı, Zəngilan rayonlarının düşməndən azad edilməsi uğrunda gedən savaşlarda mərdliklə vuruşub. R.Əliyev Şuşa istiqamətində yoldaşları ilə  mühasirədə qalıb. Sonra Ordumuzun mərd əsgərləri düşmənin müdafiə xəttini yararaq mühasirədən çıxıb. Həmin vaxt xeyli şəhidlərimiz olub. Rövşən o çətin şəraitdə dostlarını da qorumağa çalışıb. Bəzi yoldaşlarının hətta həyatını xilas edib.

Qəhrəman döyüşçü oktyabrın 25-dən 26-na keçən gecə düşmənin snayper gülləsindən Şəhadətə ucalıb.

Şəhidimiz doğulub boya-başa çatdığı doğma kəndlərində böyük bir el məhəbbəti ilə torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə  "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medallari ilə təltif olunub.

Rövşən ailənin 3-cü övladı, evin sonbeşiyi, sevimlisi olub. Anası deyir ki, torpaqlarımızı o əraziləri görməyən Rövşən kimi igid oğullar bizə geri qaytardı. İstərdim ki, Qarabağa köç edənlər onun uğrunda şəhid olanları unutmasınlar.

Vətən uğrunda Şəhid olanları unutmaz. R.İsrafilov da Zəfər tariximizi qanıyla yazan oğullrdan biri kimi həmişə tariximizin qızıl səhifələrində və xalqın yaddaşında əbədi yaşayacaq. 

Rövşən Vətən uğrunda Şəhadətə ucalanda cəmi 21 yaşı vardı. İndi doğma kəndlərində bir küçə onun adını daşıyır.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Rövşən balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR