Livanın Akkar vilayətinin Kavaşra kəndindəki liseydə fəaliyyət göstərən “Azərbaycan otağı”nda keçirilən təqdimat mərasimində Azərbaycan səfirliyinin əməkdaşları ilə yanaşı, Akkar vilayətinin din xadimləri, bələdiyyə rəhbərləri, yerli icra nümayəndələri, məktəbin pedaqoji kollektivi və sakinlər iştirak ediblər.
Əvvəlcə slaydlarla işğal dövründə ermənilər tərəfindən Qarabağda dağıdılmış məscidlərin şəkilləri nümayiş etdirilib, “Qarabağ işğaldan əvvəl və sonra” kitabı barədə məlumat verilib.
Tədbirdə çıxış edən bölgənin imamı Mustafa Xoder məscidlərin ibadətgah olduğunu və məscidlərə qarşı edilmiş bu vəhşiliyi vandalizm aktı kimi qiymətləndirib. Həmçinin dinə, xalqa mənsubiyyətindən asılı olmayaraq dini-mədəni abidələrə qarşı barbar hərəkətlər pislənilərək bunun yolverilməzliyi qeyd olunub.
Digər çıxışlarda məscidlərin dağıdılması və təhqir olunması faktları mədəni-tarixi irsə qarşı törədilmiş barbarlığın bariz nümunəsi kimi səciyyələndirilib.
Sonda “Qarabağ işğaldan əvvəl və sonra” kitabı iştirakçılara hədiyyə edilib.
Hazırladı: Mina RƏŞİD