Ekoloq Nicat Babaşov deyib: "Tələblərimiz ondan ibarətdir ki, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılsın. Həmçinin qanunsuz istismar nəticəsində ətraf mühitə, su mənbələrinə vurulan zərərin və risklərin qiymətləndirilməsi, eyni zamanda, dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına şərait yaradılsın və həmin ərazilərdə monitorinq həyata keçirilsin".
Qarabağ regionunda meşə örtüyünün məhv edildiyini, içməli su mənbələrimizin, çaylarımızın ekoloji və radioaktiv çirklənmələrə məruz qaldığını söyləyən N.Babaşov bildirib ki, həmin meşələrdə yaşı 100, hətta 1000 il olan nadir ağaclar var idi, lakin onlar qırılıb və ya məhv edilib. Faydalı qazıntı yataqlarının istismarında ekoloji vəziyyətin gözlənilməməsi flora və faunanın məhvinə də səbəb olub. Belə ki, içməli su mənbələrinin, su ehtiyatlarının çirklənməsi, meşələrin kəsilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş torpaq sahələri aşınmaya məruz qalıb. Bunu işğaldan azad olunmuş ərazilərimizdə aparılan monitorinqlər də göstərdi. Ermənilər işğal dövründə ətraf mühitə qarşı genosid törədiblər. Bu səbəbdəndir ki, həmin ərazilərdə ekosistem məhv olmaq təhlükəsi ilə üz-üzədir.
“Bu gün ekoterrora son qoymasaq, sabah gələcək nəsilə, övladlarımıza deməyə sözümüz olmayacaq. Buna görə də məqsədimizə nail olana qədər aksiyamız davam edəcək”, - deyə ekoloq əlavə edib.
Digər ekoloq Nazim Hümbətov isə bildirib: “Ötən il dekabrın 12-dən başlayan və hələ də davam edən aksiyamız dinc xarakterlidir. Azərbaycanın ekologiyasına vurulan ziyanın dayandırılması, yeraltı və yerüstü sərvətlərimizin, faydalı qazıntı yataqlarımızın qanunsuz istismarına son qoyulması aksiyamızın əsas məqsədidir. Biz məqsədimizə çatana qədər aksiyamızı davam etdirəcəyik".
O qeyd edib ki, təbii sərvətlərimizin qanunsuz istismarına yol verməməliyik və bu sərvətlərdən səmərəli istifadə edib onları gələcək nəsillər üçün qorumalıyıq. "Biz heç kimə imkan verə bilmərik ki, milli sərvətlərimizi talan etsin. Laçın-Şuşa-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır, Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin bu yoldan keçidində heç bir maneə yoxdur", - deyə N.Hümbətov fikirlərini tamamlayıb. (AZƏRTAC)