Vətən müharibəsi şəhidi İlkin Fərəcovun doğum günündə xatirəsi yad edilib. Füzuli rayonunun Bala Bəhmənli kəndində şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhid Fərəcov İlkin Sahib oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Anım mərasimində çıxış edənlər İlkinin keçdiyi şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Hələ orta məktəb vaxtından vətənpərvərliyi ilə seçilib və gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan İlkin xidməti zamanı nizam intizamı ilə seçilib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışıb. İlkin 2016-cı il Aprel döyüşlərindən sonra ordu sıralarına qayıtmağa qərar verib və 2017-ci ildən hərbi xidmətə başlayaraq Vətənin keşiyində dayanıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında olub, cəbhənin yarılmasında və bir çox kəndlərin azad olunmasında şücaəti ilə seçilib. Oktyabrın 16-da Füzuli döyüşləri zamanı Dördçinar kəndi istiqamətində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
İlkin Fərəcov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)