1988-ci ilin sonlarında Amasiya rayonundan qaçqın düşmüş Qətibə Əziz qızı Cabbarova özünün və ailəsinin başına gələnləri danışıb.
Beş uşaq anası olan, həmin günlərə qədər Amasiyadakı mağazaların birində satıcı işləyən Qətibə nənə deyir: “Babam söyləyərdi ki, silahlı erməni cəza dəstəsi həmin günlərdə azərbaycanlılara divan tuturdu, bir çox kəndlərdə qətliam törədirdilər. Düzkənd rayonunun Bacıoğlu kənd sakinlərini amansızlıqla qətlə yetirmişdilər. Biz bu cür erməni dəhşəti içində böyümüşük”.
Sürgünün Amasiya rayonunun birinci katibi İldırım Bağırovun vəhşicəsinə döyülməsindən sonra başladığını xatırladan müsahibimiz bildirir ki, həmin gündən sonra azərbaycanlılara qarşı təzyiqlər daha da artdı: “Yadımdadır, Oxçoğlu kənd sakini Qara Səməd də amansızlıqla döyülmüşdü, hətta şaxtalı-sızaqlı qış günündə paltarlarını çıxarıb qarın üstünə atmışdılar. O, evə çatandan 1-2 saat sonra ölmüşdü”.
Doğma yerlər üçün ürəyinin göynədiyini bildirən, 35 ildir torpağından ayrı düşən Qətibə nənə Şörəyilə qayıdacağına inanır. Müsahibimiz Prezident İlham Əliyevin Qarabağı azad etdiyi kimi, Qərbi azərbaycanlıları da tarixi vətənlərinə qaytaracağına əmindir. (AZƏRTAC)