23.11.2024, 00:29
AZ EN
06.01.2023, 12:25 345

Babası ona Pəhləvan deyərdi

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəmanlarından biri çavuş şəhid Rufan Elzabit oğlu Əkbərlinin doğum günüdür. O, Şəmkir rayonunun Çaparlı kəndində müəllim ailəsində doğulub. 2015-ci ildə orta məktəbi doğma kənddə bitirib, 2016-cı ildə isə həqiqi hərbi xidmətə yola düşüb. Birinci Qarabağ müharibəsi qazisi olan babası uşaqlıqdan onun idealına çevrilmişdi. Rufan böyüyəndə onun kimi mərd, igid əsgər olmaq istəyirdi. Ona görə də, hərb sənətinə xüsusi maraq göstərirdi.

22 yaşlı çavuş Rufan Əkbərli evin yeganə övladı olsa da, Vətən müharibəsinə könüllü gedib. O, döyüş yoldaşlarına deyirmiş ki, biz subayıq, Siz evli. Birinci biz getməliyik. O, sərrast atıcı idi, döyüş dostları ona “pekaşnik” də deyirdilər. Torpaqlarımızın azadlığı uğrunda silahını bağrına basıb düşmənə qan uddurdu Rufan. Deyirdi ki, nə qədər mən sağam, silahım bir an da susmayacaq, düşmənə göz açmağa imkan verməyəcəyik!

2020-ci il oktyabrın 27-də döyüşlərdə şücaətlər göstərən, babasının dediyi kimi, pəhləvan cüssəli igid döyüşçü Füzuli uğrunda gedən qanlı savaşların birində qəhrəmanlıqla şəhadətə ucaldı. Doğma Çaparlı kəndində şəhidimiz böyük bir izdiham və ehtiramla torpağa tapşırıldı.

Çavuş Rufan Əkbərli ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Torpaqlarımızın azad edilməsi onun ən böyük arzusu idi. Axırıncı dəfə telefonla doğmaları ilə danışanda deyib ki, məndən narahat olmayın. Tezliklə Qarabağı azad edəcəyik. Müharibədə igidlik göstərən Rufanın döyüş yoldaşları da onun qəhrəmanlığından ağızdolusu danışırlar.

Rufanın şəhid olduğu gün onun döyüş yoldaşı və həmkəndlisi Kənan Səmədzadə yanında olub. “Döyüş vaxtı çox fəallıq göstərdi. O, əsgər yoldaşlarına qarşı mehriban və diqqətli idi. Silahı ilə çox gözəl atəş açırdı. Həmişə deyirdi ki, nə qədər sağam, mənim silahım susmayacaq, düşmənə tərəfə atacaq. Şəhidlərimizin qanını gərək yerdə qoymayaq, deyirdi. Həmişə deyirdi ki, şəhidlərimizin qanı alınacaq, torpaqlarımız geri qaytarılacaq. Onun özünün də qanı yerdə qalmadı. Onu da biz aldıq...”, - deyə, döyüş yoldaşı Kənan Səmədzadə onun haqqında fəxrlə danışıb.
İbtidai sinif müəllimi işləyən anası Reyhanə Quliyeva xatirələrində deyir ki, İyul hadisələri başlayanda Tovuzun Ağdam kəndinə yollanıbmış. Oraya əsgərlərə dəstək üçün gedibmiş. Sonradan dostlarından eşitdim. General Polad Həşimov şəhid olandan sonra Rufan bir yerə sığmırdı. Bu hadisə ona çox təsir etmişdi. O, qisasını Vətən müharibəsində iştirak edərək aldı, onlarla düşməni məhv etdi və özü də şəhid oldu. Fəxr edirəm ki, oğlum bu zirvəyə yüksəlib. Bilirdim ki, o, qazi də olsa, başımı uca edib gələcək...
Doğum günün mübarək, məzarın nurla dolsun, pəhləvan oğlan!

Mina RƏŞİD

Oxşar xəbərlər