15.05.2024, 19:32
AZ EN
30.12.2022, 10:30 227

Hərbi işdə 15 illik təcrübəsi vardı...

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın qəhrəman oğlu gizir şəhid İsmayılov Ceyhun Abbas oğlunun doğum günüdür. O, 1985-ci il dekabrın 30-da də Gəncə şəhərində dünyaya gəlib. Gəncə şəhər 40 nömrəli tam orta məktəbi bitirib. 2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətində müddətli hərbi xidmət keçib.

O, 2008-ci ildən Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi yenidən orduya qayıdıb. 2013-cü ildə gizir hərbi rütbəsi alıb. Xidməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və "Qüsursuz xidmətlərə görə" III dərəcəli medal ilə təltif olunub. 
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ceyhun İsmayılov Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin müdafiə səddinin yarılmasında şücaət göstərib, müharibənin beşinci günü - oktyabrın 1-də  Füzuli rayonu istiqamətində gedən döyüşlərin birində qəhrəmanlıqla şəhid olub. 

Ceyhun İsmayılovun nəşi üçrəngli bayrağımıza bürünərək, oktyabrın 2-də Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Ölümündən sonra o,  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.
Ceyhun İsmayılov ailəli idi, onun üç övladı Vətənə yadigar qalıb.

İndi doğmaları onun yoxluğundan üzülsələr də, onların bircə təsəlli budur ki, Ceyhun Vətən uğrunda, haqq yolunda, el-oba üçün şəhid olub. Anası deyir ki, torpaqlarımız bir gün erməni işğalçılarından azad edlməli idi. Müharibə də qansız, şəhidsiz olmur. Təki Vətən sağ olsun!

Atası söyləyir ki, Ceyhun 15 illik Vətənə xidməti dövründə həmişə fərqlənib. O, 2016-cı ilin Aprel döyüşlərində də mərdliklə savaşıb. Ceyhun hərbçi olmağı əsl kişi sənəti hesab edirdi. İndi məktəbli olan oğlunu gələcəkdə hərbçi görmək istəyirdi...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər