Qeyri-hökumət və könüllü təşkilatlarından ibarət aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olması barədə şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının fəallığı onların tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini göstərir.
Qeyd edək ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb. Gün ərzində bu saata kimi ümumilikdə 25 təminat maşını keçib.
Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. ("Trend")